Ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşdirilib.
E-huquq.az xəbərinə görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşlara və ehtiyatda olan zabitlərə münasibətdə penitensiar xidmət üçün nəzərdə tutulmuş xüsusi rütbələrin verilməsi qaydalarının tibb xidmətinə də şamil ediləcək. Bu dəyişiklik nəticəsində tibb xidmətində vəzifəyə təyin olunan ehtiyatda olan hərbi qulluqçulara xüsusi rütbələrin verilməsi məsələləri vahid hüquqi yanaşma əsasında tənzimlənəcək.
Qanuna əlavə edilən 24.4-cü maddəyə görə, tibb xidmətinin hərbi qulluqçuları penitensiar xidmətin müalicə müəssisələrinin tibb xidmətlərində, penitensiar müəssisələrin tibb-sanitar hissələrində, habelə penitensiar müəssisələrin mühafizəsi və penitensiar müəssisələrdə saxlanılan şəxslərin müşayiəti üçün təşkil edilmiş penitensiar xidmətin xüsusi bölmələrində fəaliyyət göstərən tibb-sanitar hissələrində xidmət keçirlər. Digər yeni – 24.5-ci maddəyə əsasən. tibb xidmətinin hərbi qulluqçularının xidmət keçmə qaydaları “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi” və digər normativ hüquqi aktlarla tənzimlənir.
Beləliklə, qanunun 24-cü maddəsinə edilən dəyişikliklərlə tibb xidməti işçilərinin tərkibinə hərbi qulluqçular daxil edilib, onların xidmət keçdikləri qurumlar müəyyənləşdirilib. Bununla da tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu və fəaliyyətinin hüquqi əsasları daha aydın şəkildə müəyyən olunub.
