Məzmuna keç

Azərbaycanda övladlığagötürmə proseduru necədir? – ŞƏRH

Hansı ailələr övladlığa uşaq götürə bilər?

Bildiyimiz kimi, dünən Azərbaycan Prezideti İlham Əliyev “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərman övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər planının bəzi müddəalarının icrasına başlanılma vaxtının uzadılması ilə bağlıdır.

Azərbaycanda övladlığagötürmə proseduru necədir? Ümumiyyətlə, hansı ailələr övladlığa uşaq götürə bilər? Övladlığagötürmə hansı hallarda mümkündür?

E-huquq.az məsələ ilə bağlı vəkil Əfifə Əsgərova ilə əlaqə saxlayıb.

Vəkil bildirib ki, övladlığagötürmə uşağı övladlığa götürmək istəyən şəxsin verdiyi ərizə əsasında məhkəmə tərəfindən həyata keçirilir: “Azərbaycan məhkəmələri tərəfindən övladlığa götürmə haqqında ərizələrə xüsusi icraat qaydasında, uşağın övladlığa götürülməsinin ləğv edilməsi haqqında işlərin baxılması və həlli isə iddia icraatı qaydasında həyata keçirilir. Övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir”.

Ə. Əsgərova qeyd edib ki, bir uşaq ər-arvaddan başqa iki şəxs tərəfindən övladlığa götürülə bilməz: “Ər (arvad) özünün nikahdan olmayan uşağını və ya arvadının (ərinin) uşağını övladlığa götürə bilər. Uşağın mənafeyinə cavab verən hallar istisna olmaqla, qardaş və bacıların müxtəlif şəxslər tərəfindən övladlığa götürülməsinə yol verilmir.

Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən uşaqların övladlığa götürülməsinə, həmin uşaqları Azərbaycan ərazisində daimi yaşayan Azərbaycan vətəndaşlarının ailələrinə tərbiyəyə vermək mümkün olmadıqda və ya vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq qohumları (bacıları, qardaşları, nənələri, babaları, valideynlərinin bacıları, qardaşları, onların övladları) övladlığa götürmədikdə icazə verilir. Uşaqlar Azərbaycandan daimi olaraq kənarda yaşayan Azərbaycan vətəndaşlarına, uşaqların qohumu olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu Ailə Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq ümumi uçota götürüldüyü gündən 6 ay müddət bitdikdən sonra övladlığa verilə bilərlər.

Uşağın hər hansı şərtlər altında, hər hansı müddətə və ya nümayəndələr vasitəsilə övladlığa götürmək yolverilməzdir.

Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər, məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər, qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış şəxslər, əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş şəxslər, səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər övladlığa götürən ola bilməzlər.

Övladlığa götürən şəxs nikahda deyilsə, onunla övladlığa götürülən uşağın yaş fərqi 16-dan az olmamalıdır. Məhkəmə tərəfindən üzürlü hesab edilən səbəb olduqda, yaş fərqi qısaldıla bilər.

Uşağın övladlığa götürülməsi barədə ərizə uşağı övladlığa götürmək istəyən şəxslər (şəxs) tərəfindən övladlığa götürülən uşağın yaşadığı (olduğu) yer üzrə məhkəməyə verilir. Azərbaycan vətəndaşı olan uşaq əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldüyü zaman ərizə uşağın yaşadığı (olduğu) yer üzrə məhkəməyə uşağı övladlığa götürmək istəyən şəxslər (şəxs) tərəfindən və ya onların müraciəti əsasında akkreditə edilmiş orqan tərəfindən verilir”.

Vəkil Əfifə Əsgərova

Vəkil övladlığagötürülmə barədə ərizə necə yazıldığını da açıqlayıb: “Uşağın övladlığa götürülməsi barədə ərizədə bunlar göstərilməlidir.

1. övladlığa götürənlərin (götürənin) soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri, məşğuliyyət növü;

2. övladlığa götürülən uşağın soyadı, adı, atasının adı, onun yaşayış yeri (olduğu yer), valideynləri barədə məlumat, qardaş və bacılarının olub-olmaması;

3. uşağın övladlığa götürülməsi haqqında övladlığa götürənlərin (götürənin) xahişini əsaslandıran hallar, bu halları təsdiq edən sübutlar;

4. övladlığa götürülən uşağın soyadının, adının, atasının adının, onun doğulduğu tarixin (1 yaşınadək uşaqlar övladlığa götürüldükdə) dəyişdirilməsi, övladlığa götürənlərin (götürənin) valideynlər (valideyn) kimi uşağın doğulması haqqında akt qeydində yazılması barədə xahiş.

Azərbaycan Respublikasının vətəndaşı olan uşağın əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi haqqında ərizəyə müvafiq sənədlərlə yanaşı, müvafiq icra hakimiyyəti orqanının razılığı, habelə övladlığa götürənlərin vətəndaşları olduqları dövlətin (uşaq vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldükdə həmin şəxslərin daimi yaşayış yeri olan dövlətin) səlahiyyətli orqanının onların həyat şəraiti və övladlığa götürmək imkanları barədə rəyi, müvafiq dövlətin səlahiyyətli orqanının övladlığa götürülən uşağın onun ərazisinə gəlməsinə və orada yaşamasına icazəsi əlavə olunur.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, övladlığa götürən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin sənədləri müəyyən edilmiş qaydada leqallaşdırılmalıdır. Leqallaşdırıldıqdan sonra onlar Azərbaycan dilinə tərcümə edilməli və tərcümə notariat qaydasında təsdiq edilməlidir.

Azərbaycan Respublikasının vətəndaşı olan uşağın əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi halı istisna olmaqla, işi məhkəmədə baxılmağa hazırlayarkən hakim ərizəni ona əlavə edilmiş sənədlərlə birlikdə övladlığa götürmənin əsaslığı və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında məhkəməyə rəy verməyə borclu olan övladlığa götürülən uşağın yaşayış yeri (olduğu yer) üzrə qəyyumluq və himayəçilik orqanına göndərilməsi haqqında qərardad çıxarır. Bundan sonra məhkəməyə təqdim edilmiş qəyyumluq və himayəçilik orqanının rəyinə aşağıdakılar əlavə olunmalıdır:

1. övladlığa götürülən uşağın yaşayış yeri (olduğu yer) üzrə və ya övladlığa götürənlərin (götürənin) yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanının tərtib etdiyi övladlığa götürənlərin (götürənin) həyat şəraitinin müayinə aktı;

2. övladlığa götürülən uşağın səhhətinin vəziyyəti, fiziki və əqli inkişafı haqqında tibbi rəy;

3. övladlığa götürülən uşağın doğum haqqında şəhadətnaməsi;

4. on yaşına çatmış övladlığa götürülən uşağın övladlığa götürülməsinə, eləcə də onun adının, soyadının və atasının adının mümkün dəyişikliklərinə və övladlığa götürənlərin (götürənin) onun valideynləri kimi yazılmasına razılığı (qanuna əsasən belə razılıq tələb olunmayan hallar istisna olmaqla);

5. qanunda valideynlərinin razılığı olmadan uşağın övladlığa götürülməsinə yol verilən hallardan başqa, uşağın valideynlərinin onun övladlığa götürülməsinə notariat qaydasında təsdiq edilmiş razılığı;

6. uşağın qəyyumunun (himayəçisinin), ögey valideynlərinin və ya valideynlərinin himayəsindən məhrum olmuş uşağın qaldığı müəssisə rəhbərinin onun övladlığa götürülməsinə razılığı;

7. uşaq onun qohumları olmayan, Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları tərəfindən övladlığa götürüldükdə, övladlığa götürülənin mərkəzləşdirilmiş qeydiyyatda olmasını, habelə vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq, uşağın öz qohumları tərəfindən övladlığa götürülməsinin qeyri-mümkünlüyünü təsdiq edən sənəd.

Uşağın övladlığa götürülməsinə dair işə qapalı məhkəmə iclasında, övladlığa götürənlərin (götürənin), qəyyumluq və himayəçilik orqanı nümayəndəsinin, Azərbaycan Respublikasının vətəndaşı olan uşaq əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldükdə müvafiq icra hakimiyyəti orqanı nümayəndəsinin mütləq, zəruri hallarda isə digər maraqlı şəxslərin və on yaşına çatmış uşağın özünün iştirakı ilə baxılır.

Məhkəmə ərizəyə baxaraq, uşağın övladlığa götürülməsi haqqında övladlığa götürənlərin (götürənin) xahişinin təmin və ya rədd edilməsi haqqında qərar qəbul edir. Övladlığa götürmə haqqında xahişi təmin edərkən məhkəmə uşağı konkret şəxslər (şəxs) tərəfindən övladlığa götürülmüş hesab edir və qətnamədə övladlığa götürmənin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda qeyd edilməsi üçün zəruri olan övladlığa götürülən və övladlığa götürənlər (götürən) haqqında bütün məlumatları göstərir.

Məhkəmə övladlığa götürənlərin (götürənin) uşağın doğulması haqqında akt qeydində valideynlər (valideyn) kimi yazılmasına, eləcə də uşağın doğulduğu tarix və yerin dəyişdirilməsinə dair onların xahişlərini rədd edərək, uşağı övladlığa götürmələri haqqında xahişlərini təmin edə bilər.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə ayrı qayda nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqlar əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldüyü zaman övladlığa götürmədən sonra əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən uşağın saxlanması, tərbiyəsi və təhsili şəraiti barədə məlumatların mütəmadi olaraq övladlığa götürənin vətəndaşı olduğu (daimi yaşadığı) dövlətin səlahiyyətli orqanına təqdim edilməsi öhdəliyinin götürülməsi uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qətnaməsində göstərilməlidir.

Tərəfin (tərəflərin) uşağın övladlığa götürülməsinə dair xahişi məhkəmə tərəfindən təmin edildikdə, övladlığa götürənlərin (götürənin) və övladlığa götürülən uşağın qarşılıqlı hüquq və vəzifələri uşağın övladlığa götürülməsi haqqında məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən müəyyən olunur, uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra 3 gün müddətində müvafiq icra hakimiyyəti orqanına uşağın övladlığa götürülməsinin dövlət qeydiyyatı üçün qətnamənin çıxarıldığı yer üzrə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqana övladlığa götürülən uşaqların uçotu üçün uşağın yaşadığı (olduğu) yer üzrə müvafiq icra hakimiyyəti orqanına göndərilir.

Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən, aliment ödənilən uşağın övladlığa götürülməsi zamanı məhkəmə qaydasında tutulan alimentin ödənilməsi öhtəliyinə xitam verilmiş sayılır”.