- 13:40
Əməkhaqqı islahatına uyğun olaraq yeni qaydalar 2026-cı il sentyabrın 1-dən tətbiq olunacaq və TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisini əhatə edəcək.
E-huquq.az xəbər verir ki, onlardan 36 041 nəfəri orta, 20 367 nəfəri kiçik tibb heyəti, 8 675 nəfəri ambulator tibbi xidmət göstərən həkimlər, 7 129 nəfəri isə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri, habelə regionlarda kadr çatışmazlığı müşahidə edilən dar ixtisaslar üzrə çalışan həkimlərdir.
İslahat nəticəsində ilkin səhiyyə xidməti göstərən ailə həkimi və sahə həkimi vəzifələri üzrə çalışan həkim mütəxəssislərin aylıq əməkhaqqı 1 150 manatdan 2 000 manata çatdırılacaq. Bu, mövcud məbləğlə müqayisədə 850 manat və ya 74 faiz artım deməkdir.
Təcili tibbi yardım xidmətində çalışan həkimlər üçün də əhəmiyyətli artımlar nəzərdə tutulub.
Belə ki, Respublika Təcili Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin (RTTTYM) həkiminin əməkhaqqı 1 550 manatdan 2 200 manata yüksələcək. Bununla yanaşı, tibb mərkəzlərinin təcili tibbi yardım şöbələrində çalışan həkimlərin aylıq əməkhaqqı 1 550 manatdan 2 500 manata yüksələcək. Beləliklə, artım 950 manat və ya 61 faiz təşkil edəcək.