Məzmuna keç

Millət vəkili: “Turizm postpandemiya dövründə ən çox inkişaf edə biləcək sahə hesab olunur”

“Dünyada pandemiyanın ən çox zərər vurduğu sahə turizmdir”.

Bu sözləri e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili Prezident İlham Əliyevin sentyabrın 23-də Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olarkən burada yaradılan şəraitin turizmin inkişafına şərait yaradacağı barədə fikirlərini şərh edərkən deyib:

“Son illərdə Azərbaycanda turizmin inkişafı üçün xeyli işlər görülüb. Nəticədə ölkəmizə gələn turistlərin sayında böyük artım müşahidə olunurdu. Ötən il Azərbaycana 3 milyona yaxın turist gəlib və ölkəmiz turizmdən 3 milyard dollardan çox gəlir əldə edib. Lakin COVID-19 pandemiyası ilə əlaqədar olaraq ölkələr arasında gediş-gəlişin məhdudlaşdırılması turizm əlaqələrinin dayanmasına səbəb olub. Hazırda biz postpandemiyaya hazırlıq dövrünü yaşayırıq. Həm özəl, həm də dövlət sektorunda iqtisadiyyatın sürətli bərpası üçün yeni modellər üzərində işlənilir. Bu baxımdan, turizm əslində postpandemiya dövründə ən çox artım müşahidə oluna biləcək sahə hesab olunur. Təxmini hesablamalara görə, pandemiya şəraiti aradan qalxarsa, turizm sahəsində birdən-birə 35-37 % artım gözləmək mümkündür".

T. Mirkişili digər qəsəbələrdə də bu cür işlərin görülməsinin vacibliyini qeyd edib. Onun fikrincə, bu layihələr ölkəmizdə turizmin inkişafı üçün olduqca önəmlidir.

"Cənab Prezidentin Balaxanı qəsəbəsində sakinlərlə söhbəti zamanı dediyi kimi, Azərbaycanın tarixi qəsəbələrinin bərpası ölkəyə turistlərin cəlb edilməsi, mədəni və tarixi dəyərlərimizin dünyada tanınması baxımından əhəmiyyətlidir. Abşeron yarımadasında turizm əhəmiyyətli kifayət qədər tarixi məkanlar var ki, zaman-zaman bərpa işləri görüldükcə həmin yerlərin tarixi daha çox üzə çıxır və öyrənilir. Bakıda da tarixi qəsəbələr kifayət qədərdir. Bilirsiniz ki, hazırda Bibiheybətdə də abadlıq işləri davam etdirilir. Sumqayıtı təmsil edən deputat kimi deyə bilərəm ki, Corat qəsəbəsində də kifayət qədər tarixi abidələr, bərpa oluna biləcək maraqlı ünvanlar var. Ümumiyyətlə, ölkədə turizm əhəmiyyətli yeni məkanların, maraqlı ünvanların yaradılması Azərbaycanı dünyada tanıtmaqla yanaşı, iqtisadi cəhətdən də mühüm əhəmiyyət daşıyır”, – deyə deputat bildirib.

Aynur Kazımova