"İşçilərin əməkhaqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əməkhaqqı miqdarından az maaş verilməsi qanunla qadağandır".
E-huquq.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyevin ikinci sosial paketini əhatə edən 18 iyun 2019-cu il tarixli sərəncamları, minimum pensiyanın artırılması üçün yeni qanunvericilik təşəbbüsü isə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində inqilabi addımların ardıcıl xarakter aldığını göstərir.
Onun sözlərinə görə, bu sərəncamlarla ölkədə minimum əməkhaqqının, həmçinin müxtəlif sahələrdə çalışanların maaşlarının artırılması təmin olunub: "Minimum aylıq əməkhaqqının artırılması haqqında” 18 iyun 2019-cu il tarixli sərəncama əsasən, ölkədə minimum əməkhaqqının məbləği cari il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılacaq. Bununla da cari ildə reallaşan iki sosial paket nəticəsində Azərbaycanda minimum əməkhaqqının məbləği 93 faiz artırılmış olur. Bununla ölkəmizdə ilk dəfə olaraq minimum əməkhaqqının məbləği yaşayış minimumunu (180 manat) üstələyəcək. Yəni minimum səviyyədə olan əməkhaqqı belə yaşayış minimumundan 70 manat və ya 40 faiz çox olacaq".
Nazir əlavə edib ki, qeyd edilənlər Azərbaycan dövlətinin sosial siyasətinin növbəti uğuru olmaqla ölkəmizdəki sosial inkişafın daha bir göstəricisidir: "Digər tərəfdən, yeni artımla Azərbaycan minimum əməkhaqqının alıcılıq qabiliyyətinə görə (PPP) MDB ölkələri arasında 2-ci yerə qalxacaq. Minimum əməkhaqqının bu artımı 950 min nəfərin (muzdla çalışanların azı 63 faizini) maaşlarının artımına səbəb olacaq ki, onlardan da 600 mini dövlət, 350 mini qeyri-dövlət sektorunda çalışanlardır".
