Vəkillər Kollegiyasının sədri Moldovada Vəkil Günü tədbirlərində iştirak etdi - FOTO


  • 16:23

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Moldova Respublikası Vəkillər Birliyinin dəvəti ilə Kişinyov şəhərində səfərdədir.

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasının Mətbuat xidmətindən bildirilib.

Nümayəndə heyəti səfər çərçivəsində Vəkil Gününə həsr olunmuş “Təhlükəsizlik və müstəqillik: Vəkillər hakimiyyətdən sui-istifadəyə qarşı müdafiəçilər qismində” mövzusunda beynəlxalq konfransda iştirak edib.

Tədbirdə Moldova Respublikasının ədliyyə naziri, Moldova Prezidentinin Hüquq məsələləri üzrə köməkçisi, Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) vitse-prezidenti, müxtəlif ölkələrin vəkillər kollegiyaları, hüquq cəmiyyətlərinin rəhbərləri, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, dövlət rəsmiləri və vətəndaş cəmiyyəti təmsilçiləri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Moldova Respublikası Vəkillər Birliyinin prezidenti Anatolie Barbacar konfrans iştirakçılarını və qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışıb.

Tədbirin açılışında çıxış edən VK sədri Anar Bağırov Moldova Respublikası Vəkillər Birliyini Vəkil Günü münasibətilə təbrik edib, birliyin rəhbərliyinə və üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Vəkillərin peşə bayramının əhəmiyyətindən danışan sədr Azərbaycanda da Vəkil Gününün qeyd olunduğunu nəzərə çatdırıb.

Anar Bağırov çıxışında vəkillik fəaliyyətinin müstəqilliyinin əhəmiyyətinə toxunaraq, Azərbaycanda vəkillik institutunun inkişafı istiqamətində həyata keçirilən islahatlar barədə geniş məlumat verib.

Konfransın panel müzakirələri zamanı VK Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Cavid Məmmədli “Azərbaycanda vəkillik fəaliyyətinin rəqəmsallaşdırılması” mövzusunda çıxış edib.

Səfər çərçivəsində VK nümayəndə heyəti ilə beynəlxalq təşkilatların və müxtəlif ölkələrin Vəkillər kollegiyalarının rəhbərləri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və təcrübə mübadiləsi istiqamətində görüşlər keçirilib, gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.

Sonda VK sədri Anar Bağırov Moldova Respublikası Vəkillər Birliyinin prezidenti Anatolie Barbacara xatirə rəsm əsərini hədiyyə edib.

Oxşar xəbərlər