Sumqayıtda vəkillərə icbari tədris tədbirlərinin birinci istiqaməti üzrə təlim keçirildi - FOTO


  • 11:49

Sentyabrın 12-də Sumqayıt şəhərində vəkillərin peşə hazırlığı, eləcə də ixtisaslarının artırılması üzrə nəzərdə tutulmuş birinci istiqamət üzrə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Tədris Mərkəzi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə əyani qaydada icbari təlim keçirilib.

E-huquq.az xəbər verir ki, təlimdə qeyd olunub ki, bu tədris tədbirində iştirak Kollegiya üzvlərinin 31 yanvar 2026-cı il tarixində keçirilmiş ümumi yığıncağında (konfransda) qəbul edilmiş və vəkillər üçün peşə hazırlığı, eləcə də ixtisaslarının artırılması üzrə nəzərdə tutulmuş birinci istiqamət üzrə icbari tədris tədbirlərinə daxildir.

Bildirilib ki, icbari təlimlərin birinci istiqaməti üzrə keçirilən təlimlər vəkillərin peşəkar fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, etik standartların düzgün mənimsənilməsi və onların gündəlik fəaliyyətdə səmərəli tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır. Etik qaydaların düzgün tətbiqi intizam məsuliyyəti yarada biləcək halların qarşısının alınması ilə yanaşı, vəkilin peşəkar nüfuzunun və hüquqi yardım göstərdiyi şəxslərin etimadının qorunmasına xidmət edir.

Həmçinin təlimdə “Azərbaycan vəkili” elmi-praktik hüquq jurnalının çapdan çıxmış yeni sayı iştirakçılara təqdim olunub.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü, “Kəngərli və partnyorları” Vəkil Bürosunun müdiri İsmayıl Kəngərli vəkilin peşə məsuliyyəti, vəkillik fəaliyyətində peşəkar prinsiplərə riayət olunması, vəkil-müştəri münasibətlərində qarşılıqlı etimad və peşəkar ünsiyyət prinsipləri, müasir vəkillik fəaliyyətində etik çağırışlar, yeni texnologiyaların vəkillik peşəsinə tətbiqi, o cümlədən peşə etikası ilə bağlı aktual məsələlər barədə geniş çıxış edib.

Əyani qaydada təşkil olunan təlimdə 30 vəkil iştirak edib.

Oxşar xəbərlər