- 15:47
Vəkillər Kollegiyasının Biznes Hüququ Komitəsi tərəfindən aktual hüquqi məsələlərin müzakirəsinə həsr olunan silsilə müzakirə forumları keçirilir.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasının Mətbuat xidmətindən bildirilib.
Növbəti belə müzakirə forumu CFI Financial İnvestisiya Şirkətinin ofisində “Podrat müqaviləsindən irəli gələn mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 iyul 2026-cı il tarixli qərarı mövzusunda 12 sentyabr 2026-cı il tarixində keçirilib.
Forum zamanı Plenum qərarının podrat müqavilələrindən irəli gələn mübahisələrin həllində əhəmiyyəti, qanunvericiliyin tətbiqi ilə bağlı əsas yanaşmalar, məhkəmə təcrübəsinin formalaşmasına mümkün təsirləri və qərarın praktiki tətbiqi məsələləri ətrafında geniş müzakirələr edilib.
Tədbirdə iştirakçılar mövzu ilə bağlı fikir və praktiki təcrübələrini bölüşüb, podrat müqavilələrindən irəli gələn mübahisələrin hüquqi tənzimlənməsi və məhkəmə təcrübəsinin müxtəlif aspektləri barədə qarşılıqlı fikir mübadiləsi aparıblar.
Vurğulamaq istərdik ki, CFI Financial İnvestisiya Şirkəti müzakirə forumlarının təşkilində Biznes Hüququ Komitəsinə təşkilatı dəstək göstərir.