Məzmuna keç

Anar Bağırov Dilqəm Əsgərovun oğlu ilə növbəti dəfə görüşdü – FOTO

Anar Bağırov Dilqəm Əsgərovun oğlu ilə növbəti dəfə görüşdü

Vəkillər Kollegiyasının sədri Anar Bağırov erməni girovluğunda olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərovla növbəti dəfə görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə A.Bağırovun özü məlumata yayıb.

O bildirib ki, ötən dövr ərzində də Avropa İnsan Hüquqları Məhkəməsinə əsirlərin sağlamlıq vəziyyəti, onlara tətbiq edilən işgəncə və qeyri-insani rəftar nəzərə alınaraq onların işinə daha sürətli şəkildə baxılıb qərar verilməsi barədə çoxsaylı müraciətlər edilib: “Məlumat üçün qeyd olunmalıdır ki, hazırda iş Avropa Məhkəməsi kommunikasiya mərhələsindədir. Gözlənilən odur ki, bu ilin sonunadək bu kommunikasiya yekunlaşdırılacaq və qısa vaxt ərzində işə baxılacaqdır”.

A.Bağırovun sözlərinə görə, bundan başqa, əsirlərin sağlamlıq vəziyyətinin öyrənilməsi barədə Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin Azərbaycan nümayəndəliyi ilə də əlaqələr saxlanılır: “Həkimlərin dediyinə görə “əsir”lərin sağlamlıq durumları qənaətbəxşdir. Lakin bu fikrin səsləndirilməsinə baxmayaraq, məlum olan odur ki, hazırda sağlamlıq vəziyyəti o qədər də yaxşı olmayan Dilqəm Əsgərovun ailə üzvlərinə məktub yazmaqdan imtina etdiyi bildirilir. Bu hal əslində onun sağlamlıq durumunun lazımi səviyyədə olamaması barədə ehtimalları artırır”. “Dünən həmyerlimiz Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərovla növbəti dəfə görüşdük. Ərizə verildiyi gündən 4 ildən çox keçməsinə, Dilqəm Əsgərovun sağlamlıq vəziyyətinin qənaətbəxş olmamasına baxmayaraq, Avropa Məhkəməsinin hələ də işə baxmaması təəssüf hissi doğurur. Özlərini insan hüquqlarının müdafiəçisi olaraq göstərən heç bir beynəlxalq təşkilat və ya səfirliklər, fərdlər bu günə kimi keçirilmiş görüşlərin birində belə Dilqəm və Şahbazın məsələsinə toxunmamışlar və bu mövzunun üzərindən sükutla keçmişlər. Bu, özlüyündə həmin təşkilatların fəaliyyətində ikili standarların mövcudluğundan əyani xəbər verir”, – deyə Kollegiya sədri qeyd edib.

A.Bağırov vurğulayıb ki, görüşdə müzakirə olunan və maraq kəsb edən məsələrdən biri də Dilqəm Əsgərovun ailə üzvlərini onu ziyarət etməsi məsələsi olub: “Bununla bağlı qeyd olunub ki, Ermənistan dövləti tərəfindən ziyarət edəcək şəxslərin təhlükəsizliyinə real zəmanət olmadığı üçün belə bir səfərin baş tutması qeyri-mümkündür. Azərbaycan vəkilliyi bu kimi milli və həyati əhəmiyyət kəsb edən məsələlərdə xalqımızın hər bir nümayəndəsinə hər zaman hərtərəfli dəstək verməyə həmişə hazırdır. Eyni zamanda, görüşdə Avropa Məhkəməsində baxılmaqda olan bu məsələnin həssaslığı nəzərə alınaraq yerli KİV-in bu işlə bağlı məlumatları işılqandırarkən sayıqlıq nümayiş etdirmələrinin zəruriliyi vurğulanıb”.