Məzmuna keç

Mərkəz Vəkil Bürosunun təmirdən çıxmış yeni ofisi istifadəyə verildi – FOTO

Bu gün Vəkillər Kollegiyasının rəhbərliyi aparılmış əsaslı təmirdən sonra Bakı şəhəri Mərkəz Vəkil Bürosunun inzibati binası ilə tanış olub

Bu gün Vəkillər Kollegiyasının rəhbərliyi aparılmış əsaslı təmirdən sonra Bakı şəhəri Mərkəz Vəkil Bürosunun inzibati binası ilə tanış olub.

E-huquq.az xəbər verir ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov büroda aparılmış təmir işləri ilə tanış edən büronun müdiri Elçin Qəmbərov görülmüş işlər barədə məlumat verib, vəkillərin fəaliyyəti üçün zəruri şəraitin təmin olunduğunu, görüş otaqlarının hazırlandığını, büronun yeni kompüter, mebel və digər avadanlıqlarla təchiz olunduğunu bildirib.

Təmir işlərinin bilavasitə dövlət vəsaiti hesabına aparıldığı nəzərə alınaraq bununla bağlı Azərbaycan Respublikasinin Şəhərsalma və Tikinti Məcəlləsinin, habelə tikinti-təmir sahəsini tənzimləyən digər hüquqi aktların tələblərinə uyğun olaraq inzibati bina üzrə görüləcək işlərin həcmi dəqiqləşdirilmiş və təmirlə əlaqədar ehtimal olunan qiymətlərin müəyyən edilməsi məqsədilə Vəkillər Kollegiyası tərəfindən müvafiq qaydada Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Tikintidə Qiymətqoyma Mərkəzinə müraciətlər edilib.

Tikintidə Qiymətqoyma Mərkəzinin həmin obyekt üzrə təqdim etdiyi hesabatlara əsasən inzibati binanın təmir işlərinin ƏDV daxil 31.311,68 manat təşkil etdiyi bildirilməsinə baxmayaraq, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamı əsasında dövlət büdcəsindən Vəkillər Kollegiyasına ayrılmış vəsaitin təyinatı üzrə qənaətlə və daha da səmərəli şəkildə istifadəsinin təmin edilməsi məqsədilə işlərə ümumilikdə ƏDV daxil 12.513,90 manat vəsait xərclənib. Eyni zamanda təmir işləri çərçivəsində inzibati binanın infrastrukturunun müvafiq qaydada təchiz edilməsi, habelə onun kompüter, digər avadanlıq və qurğularla təmin edilməsi üçün ƏDV daxil 4746,12 manat vəsait xərclənmişdir. Ümumilikdə ofisin təmiri və avadanlıqların alınmasına 17.260,02 manat xərclənib.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov öz növbəsində büroda aparılmış işləri yüksək qiymətləndirib, əhaliyə yüksək keyfiyyətli və peşəkar hüquqi yardım göstərilməsi üçün vəkillərin iş şəraitinin və fəaliyyət göstərdikləri yerlərin yüksək standartlara cavab verməsinin əhəmiyyətini vurğulayıb, bundan başqa Respublika ərazisində fəaliyyət göstərən bütün vəkil qurumlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması üzrə aparılan tədbirlər barəsində məlumat verib.

Bundan başqa, görüş zamanı büroda fəaliyyət göstərən vəkillərin iştirakı ilə iclas keçirilib, Kollegiya rəhbərliyi vəkillərin peşə fəaliyyəti zamanı üzləşdikləri problemləri və təkliflərini dinləyib, vəkilləri maraqlandıran suallar cavablandırılıb.