- 19:30
İstilik təchizatı sahəsində həyata keçirilən qanunvericilik islahatları Azərbaycanın enerji siyasətinin ayrılmaz tərkib hissəsidir.
E-huquq.az xəbər verir ki, bunun Milli Məclisin deputatı Sadiq Qurbanov parlamentin bu gün keçirilən iclasında "İstilik təchizatı haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün qlobal miqyasda enerji təhlükəsizliyinə ciddi töhfələr verir. Bu istiqamətdə bir sıra qanunverici aktlar qəbul edilib və artıq onların müsbət nəticələri müşahidə olunur. Qəbul olunmuş qanunlar xarici təcrübənin ölkəmizdə tətbiqinə geniş imkanlar açır.
S.Qurbanovun sözlərinə görə, istilik təchizatı ilə bağlı qanun layihəsi hazırlanarkən Türkiyə və Avropa ölkələrinin təcrübəsi əsas götürülüb. Layihədə bir sıra mühüm yeniliklər əksini tapıb. Əsas məqam isə yeni tikilmiş çoxmənzilli binalarda mərkəzləşdirilmiş istilik sistemlərindən istifadə edilməsinin nəzərdə tutulmasıdır.
O bildirib ki, qanun layihəsi enerji resurslarından daha səmərəli istifadəyə imkan yaradır.
Şəbnəm Mehdizadə