- 16 May 23:54
14 may 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Gənclər Fondu və “Femida Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Bakı Dövlət Universitetei (BDU) Hüquq Fakültəsi və “Gənc Könüllülər” İctimai Birliyinin tərəfdaşlığı ilə ümumrespublika gəncləri arasında “Legal Ring” intellektual yarışı keçirilib.
E-huquq.az xəbər verir ki, ilkin mərhələ, 1/4 final, yarımfinal və final mərhələlərindən ibarət olan bu yarışın əsas məqsədi gənclərin hüquqi düşüncə tərzinin inkişafına töhfə vermək, Konstitusiya və milli qanunvericilik sahəsində maarifləndirməni təşviq etmək, eləcə də iştirakçıların analitik və tənqidi təhlil bacarıqlarını gücləndirməkdir.
Bakı Konqres Mərkəzində baş tutan tədbirdə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Akademiyasının rektoru Əmir Əliyev, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı Zaur Əliyev, “Femida Könüllüləri” Təşkilatının sədri Nilgün Məmmədova, eləcə də gənc hüquqşünas tələbələr iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov tədbirin açılışında çıxış edərək bildirib ki, “Legal Ring” kimi intellektual yarışlar hüquq sahəsində təhsil alan gənclərin biliklərini daha da dərinləşdirməyə və onları konstitusiya dəyərləri əsasında yetişdirməyə xidmət edir. O qeyd edib ki, gənclərin hüquqi maariflənməsi hüquqi mədəniyyətin formalaşmasında mühüm rol oynayır və bu layihə gənc hüquqşünasların cəmiyyətə faydalı mütəxəssis kimi yetişməsi yolunda əhəmiyyətli bir platformadır.
Azərbaycan Respublikası Vəkillər Kollegiyası Akademiyasının rektoru professor Əmir Əliyev çıxışında bu cür intellektual yarışların hüquq təhsili sistemində mühüm rol oynadığını, o cümlədən hüquq tələbələrinin məntiqi düşünmə, qərarvermə və komanda şəklində işləmə bacarıqları məhz bu tip yarışlar vasitəsilə inkişaf etdirilə biləcəyini qeyd edib. Bildirilib ki, “Legal Ring” hüquqi biliklərin sadəcə nəzəri şəkildə deyil, məntiqi və strateji müstəvidə də tətbiqinə imkan yaradır və bu, gələcəyin peşəkar hüquqşünaslarının formalaşmasına birbaşa təsir göstərir.
Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı Zaur Əliyev isə çıxışında universitetin tələbələrinin bu yarışda iştirak etməsinin onların hüquqi dünyagörüşünə və ümumi inkişafına müsbət təsir etdiyini qeyd edib. O bildirib ki, hüquqi savadlılıq təkcə peşəkar fəaliyyət üçün deyil, vətəndaşlıq mövqeyi baxımından da zəruri elementdir. Zaur Əliyev vurğulayıb ki, tələbələrin bu cür intellektual meydanlarda biliklərini sınaması onların tədrisdə motivasiyasını artırır və hüquq elminə maraqlarını gücləndirir.
“Femida Könüllüləri” Təşkilatının sədri Nilgün Məmmədova çıxışında “Legal Ring” layihəsinin gənclərin hüquqi biliklərinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O, yarışmanın yalnız biliklərin yoxlanılması məqsədi daşımadığını, eyni zamanda iştirakçıların strateji düşünmə, komanda ruhu və operativ qərarvermə bacarıqlarının formalaşdırılması baxımından önəmli bir platforma olduğunu bildirib. O, “Femida Könüllüləri” Təşkilatının hüquqi maarifləndirmə sahəsində təşəbbüskar fəaliyyətini davam etdirəcəyini və gənclərlə bağlı layihələrdə bu kimi innovativ formatlara üstünlük veriləcəyini vurğulayıb.
Daha sonra tədbirin ümumi ruhuna milli dəyərlərimizi və zəngin mədəni irsimizi aşılamaq məqsədilə qonaqlar və iştirakçılar üçün bədii hissə təqdim olunub.
Tədbirin rəsmi hissəsinin sonunda xatirə şəkli çəkdirilib.