- 12:58
12-16 may 2025-ci il tarixlərində Polis Akademiyasında nəzəriyyə ilə təcrübənin vəhdəti prinsipinə əsaslanaraq kursantlar arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, nəzəri biliklərinin möhkəmləndirilməsi və təcrübədə tətbiq etmə bacarığının inkişaf etdirilməsini təmin etmək məqsədilə Akademiyaya dəvət olunmuş təcrübəli mütəxəssislərin iştirakı ilə mühazirə dərsləri keçirilib.
E-huquq.az xəbər verir ki, müxtəlif fənlər üzrə keçirilən interaktiv dərslərdə qonaq qismində iştirak edən Bakı şəhər Xəzər rayonu məhkəməsinin sədri Abbas Rzayev “İctimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlər”, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin rəisi, baş ədliyyə müşaviri Rəsul Abbasov “İqtisadi fəaliyyətdə olan cinayətlər”, Ombudsman Aparatı rəhbərinin müavini, dövlət qulluğunun baş müşaviri Rəşid Rumzadə “İnsan hüquqlarının müdafiə mexanizmləri”, DİN-in BDYPİ-nin YPX şöbəsinin rəisi və BBPİ-nin DYP İdarəsinin Təşkilati-analitik bölməsinin rəisi “DYP xidmətinin təyinatı və işinin təşkili”, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası kafedrasının baş müəllimi, hüquq elmləri doktoru Mətanət Əsgərova “Azərbaycan Respublikasının Ədliyyə orqanları”, Vəkillər Kollegiyasının üzvü, eləcə də Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinin müəllimi Nərmin Həsənova “Əmək və icra intizamı” mövzuları üzrə mühazirə dərslərində iştirak ediblər.
Mövzulara əsasən qonaqlar tərəfindən kursantlara iqtisadi fəaliyyət sahəsində olan cinayətlər, insan hüquqlarının müdafiə mexanizmi kimi Ombudsman təsisatının yaranma tarixi, mahiyyəti və Azərbaycan Respublikasında bu institutun fəaliyyəti, Ədliyyə orqanlarının strukturu, xidmətə qəbul olunma şərtləri və qulluq keçmənin əsasları, o cümlədən Daxili İşlər Nazirliyi ilə Ədliyyə Nazirliyinin hüquq-mühafizə fəaliyyətində qarşılıqlı əlaqəsi, əmək və icra intizamının mahiyyəti, onların əmək münasibətlərində əhəmiyyəti, mövcud məhkəmə praktikasında intizam tənbehlərinin verilməsi zamanı yol verilən qanun pozuntuları və onları həlli qaydaları, DYP xidmətinin fəaliyyətinin əsas istiqamətləri, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsində rolu və işinin təşkili, ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlər barədə geniş məlumatlar verilib.
Mütəxəssislərin iştirakı ilə keçirilən mühazirə dərsləri kursantlar tərəfindən böyük maraqla qarşılanıb. Onları maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb və mövzular ətrafında müzakirələr aparılıb.