- 17:56
Xəbər verdiyimiz kimi, son günlər ölkə ictimaiyyətini dərindən sarsıdan hadisələrdən biri Gəncə şəhərində baş verib. 11-ci sinif şagirdi Elgün İbrahimovun döyülərək öldürüldüyü iddiası media və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Hadisə ilə bağlı yayılan məlumatlar cəmiyyət arasında dərin narahatlıq və hiddət doğurub. İnsanlar haqlı olaraq bu hadisəyə sərt reaksiya verirlər, günahkarların tez bir zamanda məsuliyyətə cəlb olunmasını, ən ağır şəkildə cəzalandırılmasını tələb edirlər.
Cəmiyyətin cavab axtardığı əsas suallardan biri budur: bu cinayəti törətməkdə təqsirləndirilən şəxsləri hansı hüquqi məsuliyyət gözləyir? Mövcud qanunvericiliyə əsasən bu cür əməllər hansı maddələrlə qiymətləndirilir və konkret olaraq hansı cəzalar nəzərdə tutulur?
Vəkil Emin Kiçikbəyov e-huquq.az-a açıqlamasında həmin suallara aydınlıq gətirib.
"Təbii ki, bu məsələni mən də media və sosial şəbəkələr vasitəsilə izləyirəm. Hadisənin detalları tam məlum olmasa da, ilkin yayılan məlumatlara əsasən, öldürülən şəxsin yaşı və cinayətin xüsusi amansızlıqla törədildiyi nəzə alınarsa, burada Cinayət Məcəlləsinin bir neçə maddəsinin tətbiqi mümkündür. Məsələn, hadisədə quldurluq, hədə-qorxu ilə tələb etmə və ya digər ağır cinayət əməllərinin də olması ehtimalı var. Bu detallar istintaq zamanı tam olaraq müəyyənləşdiriləcək. Ona görə də hazırkı mərhələdə qəti fikir söyləmək çətindir. Bununla belə, şəxsi hüquqi qənaətim budur ki, belə bir cinayət əməlinə görə Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi, yəni xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə ilə ittiham irəli sürülməsi mümkündür. Əgər əlavə olaraq digər cinayət tərkibləri, məsələn, quldurluq, hədə-qorxu, terrorçuluq və ya banditizmlə əlaqəli hallar da sübuta yetirilərsə, həmin şəxslər barəsində 18 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası təyin oluna bilər", - deyə vəkil qeyd edib.
E.Kiçikbəyovun fikrincə, bu cür ağır cinayətə görə ən ədalətli cəza ömürlük azadlıqdan məhrum etmədir: "Mövcud qanunvericiliyə əsasən Azərbaycanda ölüm hökmü yoxdur, lakin əgər belə bir cəza mövcud olsaydı, bu cinayət həmin kateqoriyaya uyğun gələrdi".
"Ümid edirəm ki, bu məsələ ilə bağlı aparılan istintaq obyektiv və hərtərəfli olacaq və məhkəmə də ədalətli qərar qəbul edəcək. Bu iş hazırda Baş Prokurorluğun və digər hüquq-mühafizə orqanlarının nəzarətindədir", - vəkil bildirib.
Qeyd edək ki, mayın 12-də 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhəri, M.Xələfov küçəsində yerləşən yataqxanasının həyətində almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işinin ibtidai istintaqı aparılır. Cinayət əməlini törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində daxili işlər orqanları ilə birgə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Şəbnəm Mehdizadə