Baş Prokuror korrupsiyaya qarşı beynəlxalq əməkdaşlıq çərçivəsində üç ölkənin nümayəndə heyəti ilə görüş keçirdi - FOTO


  • 19 May 20:27

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquqi islahatlar, xüsusilə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində atılan məqsədyönlü addımlar beynəlxalq səviyyədə maraq və rəğbətlə qarşılanır.

Baş Prokurorluqdan e-huquq.az-a verilən xəbərə görə, bu kontekstdə Azərbaycan Prokurorluğu beynəlxalq əməkdaşlığın gücləndirilməsi və qabaqcıl təcrübə mübadiləsinin təşviqinə xüsusi önəm verir.

19–23 may tarixlərində Bakı şəhərində keçirilən BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan Hüquq Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE Network) Altıncı Plenar İclası və İdarəetmə Komitəsinin Onuncu Görüşü bu məqsədlərə xidmət edən mühüm beynəlxalq platformalardan biri kimi çıxış edir.

Tədbir çərçivəsində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, mayın 19-da, Tanzaniya Birləşmiş Respublikasının Korrupsiyanın Qarşısının Alınması və Mübarizə Bürosunun direktoru Krispin Şalamilanın, Madaqaskar Respublikasının Müstəqil Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Baş direktoru Qabi Nestor Razakamanantsoanın və Əlcəzair Xalq Demokratik Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Mərkəzi İdarəsinin Baş direktoru Moxtar Laxdarinin rəhbərlik etdiyi nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib.

Görüşlər zamanı Baş prokuror Kamran Əliyev ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən institusional islahatlar, prokurorluq orqanlarında tətbiq olunan müasir idarəçilik mexanizmləri və beynəlxalq əməkdaşlıq təşəbbüsləri barədə ətraflı məlumat verib. O, transmilli korrupsiya ilə mübarizədə qlobal həmrəyliyin vacibliyini qeyd edərək, GlobE Şəbəkəsinin bu istiqamətdə əhəmiyyətli platforma olduğunu vurğulayıb.

Tanzaniya, Madaqaskar və Əlcəzair nümayəndələri ilə aparılan müzakirələrdə korrupsiyaya qarşı fəaliyyətin həm regional, həm də qlobal səviyyədə koordinasiyası, institusional potensialın gücləndirilməsi və şəffaflığın təmin olunması məsələləri diqqət mərkəzində olub. Tərəflər hüquq-mühafizə orqanları arasında birbaşa əlaqələrin genişləndirilməsi, habelə təcrübə və informasiya mübadiləsinin əhəmiyyətini xüsusi olaraq vurğulayıblar.

Qarşılıqlı etimada əsaslanan bu dialoqlar çərçivəsində qonaqlar Azərbaycanın elektron idarəçilik, etik davranış prinsiplərinin təşviqi, şəffaflıq və hesabatlılıq sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib, bu təcrübədən faydalanmaqda maraqlı olduqlarını ifadə ediblər.

Görüşlərin sonunda nümayəndə heyətləri Baş Prokurorluğun Tarix Muzeyində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş guşə ilə tanış olub və Azərbaycan Prokurorluğunun tarixi inkişaf mərhələlərini əks etdirən eksponatlarla maraqlanıblar.

Nümayəndə heyətlərinin Azərbaycana səfərləri çərçivəsində işgüzar görüşləri davam edir.

Oxşar xəbərlər