Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günüdür


  • 12:31

Hər il mayın 23-ü Azərbaycan Respublikasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) işçilərinin peşə bayramı kimi qeyd olunur.

E-huquq.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 23 may tarixli Fərmanı ilə yaradılıb. Prezident İlham Əliyevin 2007-ci il 16 may tarixli Sərəncamı ilə hər il mayın 23-ü ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.

ETSN ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahələrində vahid dövlət siyasətini həyata keçirmək məqsədilə yaradılıb. Nazirlik, ölkə ərazisində və Xəzər dənizinin Azərbaycana aid hissəsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması istiqamətində fəaliyyət göstərir. İndiki və gələcək nəsillərin sağlamlığının təmin edilməsi, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi nazirliyin əsas məqsədlərindəndir.

Son illərdə, ölkəmizdə ekoloji vəziyyətin sağlamlaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində əhəmiyyətli işlər görülüb. Bunlar arasında meşələrin bərpası və artırılması, milli parkların yaradılması, xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi və ekoloji şəbəkənin formalaşdırılması kimi tədbirlər yer alır. Bundan əlavə, ETSN, beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi sahəsində də fəal iştirak edir.

ETSN ətraf mühitin qorunması və təbii sərvətlərin səmərəli istifadəsi sahəsində fəaliyyətini davam etdirərək, dayanıqlı inkişafın təmin edilməsi istiqamətində mühüm addımlar atır. Nazirlik, həmçinin ekoloji təhsilin inkişafı və ictimai maarifləndirmə sahəsində də fəal fəaliyyət göstərir. Bu sahədə görülən işlər, gələcək nəsillərin sağlam və təmiz mühitdə yaşamasını təmin etməyə yönəlib.

Azərbaycanda ətraf mühitin qorunması və ekoloji problemlərin aradan qaldırılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər, ölkənin uzunmüddətli inkişaf siyasətinin ayrılmaz bir hissəsini təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi və dünyanın ən mühüm beynəlxalq tədbirlərindən biri hesab olunan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə uğurla keçirilməsi, həm regional, həm də qlobal miqyasda ətraf mühitə dair səylərə Azərbaycanın verdiyi dəyərli töhfənin göstəricisidir. Bu, eyni zamanda, iqlim dəyişikliklərinin mənfi təsirlərinə qarşı ölkəmizin qətiyyətli mübarizə apardığını da aydın şəkildə ortaya qoyur.

Mövcud faktlar və müşahidə olunan müsbət inkişaf dinamikası sübut edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları təbiətin keşiyində dayanan peşəkarlar kimi üzərlərinə düşən vəzifələri uğurla yerinə yetirirlər. İnanırıq ki, nazirliyin kollektivi bundan sonra da əldə olunan uğurlara yenilərini əlavə edərək, qarşıdakı illərdə yaşıl düşüncənin praktik reallığa çevrilməsində mühüm rol oynayacaq.

23 may - Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı, ekologiya sahəsində çalışanların əməklərinin qiymətləndirilməsi və bu sahənin əhəmiyyətinin cəmiyyətə çatdırılması baxımından mühüm bir gündür.

Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Rəşad İsmayılov başda olmaqla Nazirliyin kollektivini təbrik edirik. Nazirlik əməkdaşları ətraf mühitin qorunması, təbii sərvətlərin mühafizəsi və ekoloji tarazlığın təmin olunması sahəsində böyük məsuliyyət və fədakarlıqla çalışırlar. Ətraf mühitin sağlamlaşdırılması və davamlı inkişafın təmin olunması yolunda göstərdikləri əzmkarlıq hər birimiz üçün nümunəvidir. Bu şərəfli və məsuliyyətli fəaliyyətlərində onlara möhkəm can sağlığı, yeni uğurlar və davamlı nailiyyətlər arzulayırıq. Təbiətimizin keşiyində duran hər bir əməkdaşın zəhməti yüksək dəyərləndirilir və daim hörmətə layiqdir.

Oxşar xəbərlər