- 08:47
"Prezident İlham Əliyev Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, növbəti dəfə humanizm dəyərlərini rəhbər tutaraq əfv sərəncamı imzalamaqla 220 nəfərə ikinci şans verib, yüzlərlə ailəyə bu əlamətdar gündə sevinc bəxş etdi".
Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, cinayət qanunvericiliyinə əsasən, əfvetmə Prezident tərəfindən həyata keçirilir və bu aktla məhkum olunmuş şəxs ya cəzanın qalan hissəsini çəkməkdən azad edilə bilər, yaxud ona təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə, habelə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər.
"Prezident İlham Əliyev imzaladığı əfv Sərəncamı ilə 220 şəxsə ikinci şans - ikinci həyat bəxş etməsi ilə 175 nəfər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzanın çəkilməmiş hissəsindən azad edilib, 25 nəfər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, 1 nəfər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzası şərti tətbiq edilmiş, cəzadan azad edilib, 2 nəfər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarının çəkilməsi təxirə salınmış, cəzadan azad edilib, 10 nəfər azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzanın çəkilməmiş hissəsindən azad edilib, 2 nəfər azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, 4 nəfər islah işləri cəzasına məhkum edilmiş və cəzanın çəkilməmiş hissəsindən azad edilib, 1 nəfər cərimə cəzasına məhkum edilmiş, cəzadan azad edilib", - deyə deputat qeyd edib.
B.Məhərrəmov deyib ki, bu, 71-ci əfv Sərəncamıdır və bu aktlardan 32-si Ulu Öndər, 39-u isə möhtərəm cənab Prezident tərəfindən qəbul edilib: "Bu günə qədər əfv institutu 10162 nəfərə şamil edilib və hazırkı aktla 6597-ci şəxs cənab İlham Əliyevin humanist yanaşmasından faydalanmış olur. Aydındır ki, əfvetmə sadə bir mexanizm deyil, bu proses təhlillərə əsaslanır və hər dəfə mümkün qədər daha çox insanı əhatələməsinə çalışılır. Eyni zamanda cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməsi amilini unutmamalıyıq. Məhkəmə qaydasında cəzaya məhkum edilmiş şəxslər bir qayda olaraq o halda əfv edilir ki, onun barəsində təyin edilmiş cəza tədbiri ilə məqsədə nail olunub. Yəni şəxs artıq islah edilib və cəmiyyət üçün daha təhlükəli deyil və onun cəzasının bütövlükdə çəkilməsinə ehtiyac yoxdur. Son əfvetmə aktına qədərki araşdırmaların nəticələri də məhz bu sayda insanın müvafiq kriteriyaya cavab verdiyini ortaya çıxarıb. Azərbaycan dövləti bir nəfər də olsun vətəndaşın cəzaya məruz qalmasını arzu etmir, amma cəmiyyətin təhlükəsizliyi və ictimai qaydanın təmin edilməsi çox vacibdir".
"Lakin, təəssüf ki, bu dəfə də bu humanist aktın mahiyyətinə məqsədli şəkildə sosial media çirkabında və tarixin zibilliyində olan antimilli ünsürlər, tarixin zibilliyində olan olan "siyasilər" tərəfindən kölgə salınmağa çalışılır. Lakin bu böyük humanizm aktı barədə hər hansı neqativ düşüncə formalaşdırmaq cəhdləri, kimlərinsə prosesdən kənarda qalması barədə qərəzli və savadsız mühakimə ən azı bu əvfdən yararlanmış 220 şəxsin doğmaları olan yüzlərlə ailəyə hörmətsizlikdir. Eyni zamanda əfvi amnistiya aktı ilə müqayisə edərək niyə amnistiyadan daha az insanı əhatə etməsi barədə iddiaları görməkdəyik ki, bu da sadəcə savadsız populizmdir. Ən azı ona görə ki əfv fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Prezident tərəfindən, amnistiya aktı isə fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Milli Məclis tərəfindən qəbul edilir. Yəni əfv zamanı hər bir şəxsə fərdi yanaşılır, amnistiya zamanı isə şəxslər yox, əməllər önə çəkilir", - deyə deputat bildirib.
B.Məhərrəmov vurğulayıb ki, cənab Prezidentin imzaladığı əfv Sərəncamı böyük humanizm aktıdır və kimlərinsə özfəaliyyət xarakterli yorumları bu hüquqi aktın mahiyyətinə xələl gətirə bilməz.
Şəbnəm Mehdizadə