Milli Məclis gender bərabərliyinin təminatı ilə bağlı hesabatı qəbul etdi


  • 30 May 12:52

Milli Məclis Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin) 2024-cü ildə fəaliyyəti haqqında məlumatı qəbul edib.

E-huquq.az xəbər verir ki, illik məlumat parlamentin bugünkü plenar iclasında müzakirə olunub.

Sənəddə qeyd edilib ki, ötən il 18 yaşınadək analar tərəfindən 1279 uşaq doğulub. Hesabat dövründə qeydə alınan abortların sayı isə 78 min 245 olub.

Üzrlü səbəblər müəyyən edildikdən sonra yetkinlik yaşına çatmayan 185 şəxsə (2023-cü ildə 249 olub) icra orqanları tərəfindən nikaha icazə verilib.

2024-cü il ərzində cinayət hadisələri üzrə 22 325 zərərçəkmiş şəxsin 7 130-u qadın olub. Zərərçəkmiş qadınlardan 3059-u xəsarət alıb, 268-i isə ölüb.

Sənədə görə, Daxili İşlər Nazirliyində məişət zorakılığı ilə bağlı 9014 müraciət qeydə alınıb. Həmin cinayətləri törətmiş 1283 şəxs (qadın - 62; kişi 1221) şəxs məsuliyyətə cəlb olunub.

Məişət zorakılığına məruz qalma ilə bağlı 325-i qısamüddətli, 34-ü uzunmüddətli olmaqla, ümumilikdə, 359 mühafizə orderi icraatda olub. onlardan 338-і (2023-cü ildə 187-si) qadınlar, 21-i (2023-cü ildə 9-u) kişilər barədə verilib.

Hesabatda o da vurğulanıb ki, Azərbaycanda Gender bərabərliyi üzrə 2025-2027-ci illər üçün Milli Fəaliyyət Planının layihəsi hazırlanıb.

Oxşar xəbərlər