- 3 İyun 19:53
"Psixoloji zorakılıq insan sağlamlığı üçün ciddi təhdiddir. Aydındır ki, psixoloji zorakılıq - insanın iradəsinə və mənəvi bütövlüyünə qarşı zorakı müdaxilə formasıdır. Bu, şəxsin alçaldılması, cəmiyyətdən təcrid edilməsi, davamlı nəzarət altında saxlanılması və manipulyativ davranışlarla müşayiət oluna bilər. Fransa, Böyük Britaniya, İsveç kimi bir sıra ölkələrin qanunvericiliyində psixoloji zorakılıq müstəqil cinayət tərkibi kimi tanınır və hüquqi məsuliyyət yaradır".
E-huquq.az xəbər ver ki, bu sözləri vəkil Dədəkişi Vəlizadə deyib.
O bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyində də bu davranışlar müəyyən hallarda məsuliyyətə səbəb ola bilər: "Lakin təəssüf ki, hüquqi təcrübədə psixoloji zorakılıq halları nadir hallarda diqqətə alınır və belə hərəkətləri törədən şəxslərin məsuliyyətə cəlb olunması, demək olar ki, təmin edilmir. Bu isə zamanla psixoloji zorakılığın artmasına və nəticə etibarilə fiziki zorakılıq hallarının da çoxalmasına səbəb olur".
Vəkil vurğulayıb ki, psixoloji zorakılığın fiziki zorakılıq qədər təhlükəli olması nəzərə alınmalıdır: "Bu baxımdan cəmiyyət tərəfindən psixoloji zorakılıq zorakılığın bir növu kimi qəbul edilməli, bu növ zorakılıq hərəkətlərinin qarşısının alınması istiqamətində qanunvericilik bazası təkmilləşdirilməli, hüquq-mühafizə orqanları tərəfindən bu xarakterli əməllərə operativ və prinsipial yanaşma təmin olunmalıdır".
Şəbnəm Mehdizadə