44 günlük Vətən müharibəsi - Tariximizin dönüş nöqtəsi


  • 10:51

“Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir” .

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Azərbaycan Resbublikasının ərazi bütövlüyünün pozulması ilə nəticələnən Birinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın iyirmi faizini itirmək məcburiyyətində qaldıq. 1 milyona yaxın vətəndaşımız öz doğma yurd-yuvasından, isti ocağından didərgin düşdü. Ordumuzun maddi-texniki bazasının zəif olmasına, bəzi rəhbər şəxslərin səriştəsizliyinə baxmayaraq, bu qanlı savaşda vətən oğulları igidliklə, son damlasına qədər vuruşdu, müqəddəs vətən torpaqlarının yağı tapdağına çevrilməməsi üçün canlarını fəda etdi. Məğlub olduq, lakin bir an olsa belə, unutmadıq. İnandıq ki, əzəli-əbədi yurdumuz, əcdadlarımızın mədfəni, övladlarımızın məskəni olan müqəddəs torpaqlarımıza qayıdacağıq.

Bu möhtəşəm qayıdışın təməli 12 iyul 2020-ci ildə Tovuz döyüşlərində qoyuldu. Ordu, xalq və dövlətin sarsılmaz birliyi, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, dəmir iradəsi, yerində və zamanında verdiyi qərarlar Zəfərin addım səslərinin çox da uzaqda olmadığını bildirdi. Sən demə, millətimizə bircə qığılcım bəs imiş...

Vətən müharibəsi milli yaddaşın, milli kimliyin, mənəvi dəyərlərimizin xilası idi. Bu müharibə Qarabağın hər qarışında öləziməyə qoymadığımız xatirələrin oyanışı, 30 illik sükutun hayqırtısı idi. Sükutun içində ruh yaşayırsa, deməli, millətin oyanışı, öz haqlarını tələb etməsi, torpaq uğrunda savaşa atılması və zəfərin səsi mütləqdir. Qarabağın azadlığı, müqəddəs torpaqlarımızın düşmən tapdağından xilası həm də ruhların xilası idi – vətən göylərində dolaşan şəhidlərimizin nigaran ruhlarının xilası. Qorxusuzca canlarını sipər edən, al qanları ilə yeni bir qəhrəmanlıq dastanı yazan, hərb tarixində silinməz izlər qoyan əsgərlərimizin, qəlbi iman dolu millətimizin qarşısını heç bir qüvvə kəsə bilmədi. Əsgərlərimizin, ordumuzun yurdsevərliyi, el-obaya bağlılığı adi bir pafos deyildi, əsl əxlaq kodeksi idi. Cəsur əsgərlərimizin döyüş ruhuna hər qədəm basdığı torpağın altında minlərlə kəfənsiz yatan şəhidlərimizin ruhu qarışdı. Əsgərlərimiz dərk edirdi ki, o torpaqların hər ovucunda şəhid qanı var. Onların ruhu sizi qisasa, vətən uğrunda savaşa çağırır.

Bir xalq öz ruhunu tanımaq istəyirsə, ilk növbədə şəhidini tanımalıdır. Şəhid milli kimliklə, var oluşumuzla azad Vətən torpağı arasında sarsılmaz bağdır. O bağı dərk edənlər Vətən torpağının nə qədər qiymətli olduğunu daha fərqli, ruhən anlayarlar. Bax belə bir zamanda, İkinci Qarabağ savaşında, o dövrlərin ən ağrılı zamanında – milli kimlik axtarışının, azadlıq arzularının, əzilmiş, yarım qalmış xatirələrin qaysaq bağladığı zamanda öz fədakarlığı, qəhrəmanlığı, qanı ilə xalqın içindəki vətən sevgisini, torpaq yanğısını alova çevirdi qəhrəman ordumuz! Belə bir ölüm-dirim savaşında, torpaq uğrunda müharibədə milli ruhu oyandırmaq, mavi göylərdə günəşin şüaları altında qızıl şəfəqlərini millətinin üstünə yayan üçrəngli bayrağının əbədi dalğalanması istəyinin əksi idi Vətən müharibəsi. 30 il idi ki, Vətən müharibəsini, torpaqlarımızı, Qarabağımızı azad edəcəyimiz günü gözləyirdik.

Bu möcüzə Ali Baş Komandanımızın – cənab Prezident İlham Əliyevin sərkərdəliyi və liderliyi ilə reallaşdı. Cənab Prezidentimizin sərkərdəliyi ilə yalnız Qarabağ azad edilmədi – mənəviyyatımız, dəyərlərimiz, qan yaddaşımız, milli kimliyimiz, milli ruhumuz öz hürriyyətinə qovuşdu. İlham Əliyevin dilindən “Əziz Şuşa, sən azadsan!” nidasını eşidəndə Zəfər səsinin nə qədər möcüzəli olduğunu, əzəmətlə səsləndiyini o gün duydum. Azadlıq nidasında əzəmət, qürur olduğu qədər kövrəklik, səmimilik, sevincdən doğan titrəyiş vardı. O an musiqi ilə yoğrulmuş Qarabağın, Şuşanın yenidən doğulduğu an idi. İlahi, bu dörd sözün qüdrəti nə qədər də böyükmüş... Hamı o sehrli kəlmələri eşidəndə sanki heykələ dönmüşdü, nitqlər tutulmuş, ürəklər həyəcandan dayanmışdı. Sonradan şahə qalxan emosiyaların yerini selə dönən göz yaşları tutmuşdu. Bu, azadlığın, yağı tapdağından qurtuluşun göz yaşları idi...Bu dörd kəlmənin möcüzəsi dövlətçiliyimizin, ərazi bütövlüyümüzün, vətən torpaqlarımızın bölünməzliyinin bütün dünyaya car çəkildiyinin sübutu idi.

“Əziz Şuşa, sən azadsan!” nidası sehrli bir musiqi kimi səslənirdi qulaqlarımızda. Bu musiqi səsləri fonunda dahi Üzeyir bəyin notlarını duyurduq sanki. Bu səslər milli ruhumuz, milli şüurumuzla harmoniya yaradaraq ayaqlarımızı yerdən üzürdü sanki. Bu heyrətamiz musiqi səsləri “Xudayar” təsnifinə qarışaraq bizi Vətən torpaqlarını qorumağa, Vətən müharibəsində verdiyimiz qurbanları–şəhidləri unutmamağa səsləyir daima.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində mühüm yer tutmaqla inqilabi bir proses olmuşdur. Belə ki, rəşadətli Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyatlar nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə ümummilli liderimiz Heydər Əliyevin bizə miras qoyduğu milli hüquq sistemimizin əsasını təşkil edən Konstitusiyamız ilə bəyan edilən Azərbaycan Respublikasının ərazisinin vahidliyi, toxunulmazlığı və bölünməzliyi, həmçinin Konstitusiyanın hüquqi qüvvəsi bütün işğaldan azad edilmiş ərazilərimizdə təmin edilmişdir. Bundan başqa Konstitusiyamıza əsasən, xalqımızın əsas konstitusion hüquqlarından biri olan təhlükəsiz yaşamaq hüququnun da bərpa olunması təmin edilmiş və Azərbaycan müstəqil və qalib dövlət kimi beynəlxalq arenada da öz sözünü qətiyyətlə demişdir.

Və mən fikirlərimi dahi Azərbaycan şairi Məhəmməd Hadinin “Türkün nəğməsi” əsərindən ölməz misraları ilə bitirmək istəyirəm: Qiymətli olan xuni-şəhidan hədər olmaz, Bax sən sonuna, himməti-türkan hədər olmaz. Türkün tökülən qanları bihudə gedərmi? Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?

Artıq Vətən müharibəsindən 5 il ötür. Şanlı Qələbəmizin, Zəfərimizin 5-ci ildönümüdür. Tarix yazan millətimiz bir daha sübut etdi ki, tökülən qanlarımız hədər getmədi!

Pərvanə Qurbanova

Şirvan İnzibati Məhkəməsinin hakimi

Oxşar xəbərlər