Zəfər Günü Azərbaycanın çoxəsrlik tarixində parlaq bir səhifədir


  • 10:34

Bu il Azərbaycanın öz əbədi torpaqlarının işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpa edilməsi uğrunda qazandığı Şanlı Qələbəsindən tam 5 il ötür.

Beş il öncə, 2020-ci il sentyabrın 27-də erməni silahlı qüvvələri beynəlxalq hüquq normalarını növbəti dəfə kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutdu. Bu hərbi təxribatın, o cümlədən Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real hərbi təhdidlərin qarşısının alınması üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başladı.

Bu hadisə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində tarixi bir mərhələnin başlanğıcı idi.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən bu mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız və bütövlükdə xalqımız ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək misilsiz əzm və iradə, güclü birlik və həmrəylik nümayiş etdirmiş, düşmənə sarsıdıcı zərbələr endirmişdir.

Rəşadətli və müzəffər Ordumuzun 44 gün ərzində həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edildi, düşmən tərəf çox sayda canlı qüvvə və hərbi texnika itkisi verərək geri çəkilməyə məcbur oldu.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə noyabrın 8-də Şuşanın düşmən əsarətindən azad edilməsi müharibənin taleyində həlledici rol oynamış, bununla da, Ermənistan öz məğlubiyyətini etiraf etmişdir. 2020-ci il noyabrın 10-da imzalanan Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin bəyanatı ilə müharibə Azərbaycanın qələbəsi ilə nəticələndi. Ermənistan kapitulyasiya olunaraq Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur oldu.

Azərbaycan Respublikası Prezidentinin 02.12.2020-ci il və 03.12.2020-ci il tarixli Sərəncamları ilə sentyabrın 27-si Azərbaycan Respublikasında “Anım Günü”, noyabrın 8-i “Zəfər Günü” kimi təsis edilmişdir.

Beləliklə, Müstəqil Azərbaycan 44 gün davam edən Vətən müharibəsində öz gücünü bütün dünyaya nümayiş etdirdi, beynəlxalq birlik xalqımızın yenilməz iradəsinin və torpaq sevgisinin şahidi oldu.

Sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatı ilə başlayan və noyabrın 10-da düşmənin təslim olması ilə nəticələnən İkinci Qarabağ müharibəsində xalqımızın zəfər qazanmasının əsl səbəbi ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qəti iradəsi və müdrik xarici siyasəti olmuşdur.

Ölkəmizin Dağlıq Qarabağ və ətraf ərazilərində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçıları üzərində qazandığı hərbi-siyasi Zəfər xalqımızın çoxəsrlik tarixinin ən böyük hadisəsi olaraq tarixə düşmüşdür.

Qələbənin qazanılmasında canından keçən şəhidlərimizin rolu isə əvəzsizdir. Onların göstərdiyi qəhrəmanlıq və fədakarlıq hər bir azərbaycanlının yaddaşında əbədi iz buraxıb. Vətən uğrunda canını fəda edən hər bir şəhidin xatirəsi xalqımızın qəlbində yaşayır.

Qalib Azərbaycan xalqı Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.

2020-ci ilin dekabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin yaradılması qərara alınıb. Paytaxtın 8 Noyabr prospektində yerləşən Zəfər Parkı bu tarixi yaddaşın mühüm simvoluna çevrilib. Burada ucaldılan 44 metrlik Zəfər tağı, yaddaş bağçası və digər abidələr xalqımızın qəhrəmanlıq salnaməsini gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır.

Eyni zamanda Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə həsr olunmuş “Anım Günü” gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və ölkə vətəndaşlarının birliyinin möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıyır.

Ermənistanın işğalçılıq siyasəti nəticəsində başlanan uzunmüddətli münaqişə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu xarici siyasəti, Azərbaycan xalqının qətiyyəti və müzəffər ordusu sayəsində sona çatdı.

Beləliklə tarixi torpaqlarımızı beş il öncə erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Bu şanlı tarix bizimlə əbədi olaraq qalacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə hər zaman haqlı olaraq fəxr edəcəklər.

Qürur mənbəyimiz olan bu böyük qələbə Azərbaycanın çoxəsrlik tarixində parlaq bir səhifədir.

Qətiyyətlə demək olar ki, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi əbədidir və əbədi olaraq qalacaq!

Günel Tanrıverdiyeva

Bakı İnzibati Məhkəməsinin hakimi

Oxşar xəbərlər