- 15:13
Vergi Məcəlləsindəki dəyişikliklərin hesabına dövlət büdcəsinə əlavə 623 milyon manat daxil olması proqnozlaşdırılır.
E-huquq.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, layihənin dövlət büdcəsinə təsirləri aidiyyəti dövlət qurumları ilə birgə müzakirə edilib.
"Bəzi dəyişikliklər daha çox uzunmüddətli perspektivdə öz təsirini göstərəcək. Xaricdən əldə edilən dividend gəlirləri üzrə vergi dərəcəsinin azaldılması xaricdə yerləşən maliyyə vəsaitlərinin və investisiyaların Azərbaycana repatriasiyasını, gəlirlərin könüllü bəyan edilməsini təşviq edəcək. Dövlət-özəl tərəfdaşlığı layihələri, avtomobil istehsalı, gəmiqayırma, balıqçılıq, kənd təsərrüfatı və ictimai iaşə sahələrində tətbiq olunan vergi güzəştləri həmin sahələrdə əlavə dəyərin və istehsal həcmlərinin artmasına səbəb olacaq. Həmçinin, bərbər və gözəllik sahəsində xidmətlər üzrə "ƏDV geri al" mexanizminin tətbiqi bu fəaliyyət sahələrinin şəffaflaşmasına mühüm töhfə verəcək", - deyə vergi rəsmisi qeyd edib.
O.Nəzərli "Sosial sığorta haqqında" qanunda dəyişikliklər edilməsi barədə də danışıb: "Təklif olunan dəyişikliklər sosial sığorta sisteminin daha ədalətli, şəffaf şəkildə formalaşdırılmasını, ahibkarlıq fəaliyyətinin təşviqini hədəfləyir. Layihə fərdi sahibkarların və müxtəlif fəaliyyət növləri üzrə sığortaedənlərin sosial sığorta öhdəliklərini optimallaşdırmaqla, dövlətin sosial müdafiə mexanizmlərini gücləndirməyə xidmət edir. Yeni modeldə sosial sığorta haqqının dövriyyədən hesablanması prinsipinə əsaslanmaqla minimum və maksimum hədlər müəyyən olunur ki, bu da həm yığım risklərinin qarşısını alır, həm də dövlətin gələcək maliyyə öhdəliklərinin balanslaşdırılmasına imkan yaradır".
Mənbə: Report