Məzmuna keç

ELSA Azərbaycan Şuşa ilə bağlı layihə həyata keçirdi –

ELSA Azərbaycan 3,4 10 və 11 dekabr tarixlərində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Şuşa şəhərinin iqtisadi və mədəni inkişafının beynəlxalq arenada təbliği” layihəsini həyata keçirib.

E-huquq.az xəbər verir ki, layihə çərçivəsində iştirakçılar Şuşa şəhərinin mədəni irsin qorunmasının hüquqi aspektləri, eləcə də qaçqınlar və məcburi köçkünlərin hüquqları, beynəlxalq humanitar hüquq və tarixi-mədəni irsin dağıdılmasının hüquqi nəticələri mövzusunda müxtəlif cür təlimlərdə iştirak edib, daha sonra isə qruplar şəklində praktiki məşğələlərə cəlb olunublar.

Layihədə müxtəlif ölkələrdən 10 nəfər xarici olmaqla ümumilikdə 70 nəfər tələbə iştirak edib.

Layihənin açılış mərasimi və ilk günü 3 dekabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilib və konfransın açılış mərasimində çıxış edən Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov, Milli Məclisin deputatı Kamal Cəfərov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Dövlət Xidmətinin rəis müavini Ağacavid Ramazanov, Elmira Fərzəliyeva Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin şöbə müdiri, “Əhməd bəy Ağaoğlu” Milli Araşdırmalar İctimai Birliyinin sədri Nigar Axundova, ELSA Azərbaycanın sədri Rəhim Abasov tədbir iştirakçılarını salamlayıb, layihə və Şuşa ilə bağlı fikirlərini bildiriblər.

Dekabrın 4-də Yelo Bankın Baş Ofisində layihənin ikinci günü keçirilib, 10 dekabr tarixində isə iştirakçılar beynəlxalq humanitar hüquq mövzusunda təlimlərdə iştirak ediblər.

Daha sonra isə layihənin xarici və yerli iştirakçılarının törədilmiş dağıntılar, ekosid, etnosid cinayətlərinin real nəticələri ilə tanış edilməsi üçün dekabrın 11-də Şuşa şəhərinə səfər təşkil olunub.

Qeyd edək ki, dünyanın ən böyük hüquqşünas tələbə təşkilatı olan Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA – European Law Students Association) Avropanın 43 ölkəsində fəaliyyət göstərir və 60 mindən çox üzvü var. ELSA Azərbaycan vətənpərvər, intellektual səviyyəli və aktiv gənc hüquqşünasları birləşdirərək gənclərin cəmiyyətə və dövlətin siyasətinə fayda verməsi üçün imkanlar təmin edir.