"Təəssüf ki, son günlərdə qaz sızması nəticəsində partlayış və dəm qazından zəhərlənmə hadisələrinin sayı artıb. Belə halların baş verməsinə səbəb isə abonentlərin mövcud qaydalara riayət etməməsidir".
E-huquq.az xəbər verir ki, bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov "Açıq qapı" aksiyasında deyib.
Onun sözlərinə görə, bu cür hadisələrin baş verməsi risklərini abonentlərin özləri yaradır: "Baş verən bu hadisələrin xarakteristikası onu göstərir ki, abonentlər tərəfindən mövcud qanunvericiliyin tələbləri gözlənilmir. Dəm qazı riskini abonetlərin özləri yaradır. Əgər qaz cihazı olan otaqda texniki tələblər pozulmasa, heç vaxt dəm qazı riski əmələ gəlməz. Abonentlər qaz cihazlarını quraşdırarkən müvafiq tələblərə riayət etmirlər. Qaz sızmasının baş verməsinin əsas səbəbi də abonentlərin qaz cihazlarına özbaşına müdaxilə etməsidir. Abonetlərdən bir daha xahiş edirik ki, qaz cihazlarını quraşdırarkən texniki şərtlərə əməl etsinlər, qaz cihazlarına qanunsuz müdaxilələrə yol verməsinlər. Bu, həm onların, həm də başqalarının həyatı üçün təhlükə yaradır".
Şöbə rəisi onu da deyib ki, Azərbaycanda son illərdə dəm qazından zəhərlənmə və partlayış tipli hadisələrin sayı kəskin azalıb. Qeyd edib ki, ötən il Azərbaycanda təbii qazdan istifadə qaydalarının pozulması nəticəsində dəm qazından zəhərlənmə və partlayış tipli hadisələrin sayı təxminən 280 olub ki, bu da 2011-ci ilin göstəricisi ilə müqayisədə kəskin azalma deməkdir. 2011-ci ildə qeyd olunan göstəricinin sayı 1 000-ə yaxın olub, bunların da çoxu dəm qazından zəhərlənmə hadisələrinin payına düşüb.
"2011-ci ildə Bakı və Abşeron rayonu üzrə abonentlərin sayı təxminən 760 min civarında idisə, 2022-ci ildə bu göstərici artıq 1 270 min olub. Qeyd olunan dövrdə regionlar üzrə də abonent sayına görə əhəmiyyətli artım müşahidə olunub. Abonent sayının artmasına baxmayaraq, həm dəm qazından zəhərlənmə hadisələri, həm digər hadisələr dəfələrlə azalıb. Bu onu göstərir ki, bəli, nəticə var. Ancaq biz bu nəticəni sıfıra endirmək uğrunda çalışırıq”, – deyə İlkin Behbudov vurğulayıb.
Eltac Nurullazadə
