Məzmuna keç

2027-ci ildə səhiyyə xərcləri 2,1 milyard manata çatacaq

Gələn il Azərbaycanda səhiyyə xərclərinin 2,1 milyard manat olması proqnozlaşdırılır. Bu məbləğ dövlət büdcəsi xərclərinin 4,9 faizini təşkil edəcək.

E-huquq.az xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu göstərici 2025-ci illə müqayisədə 808,8 milyon manat və ya 63,4 faiz çoxdur. 2023-2027-ci illər ərzində səhiyyə sahəsinə ayrılan vəsait isə 362 milyon manat və ya 21 faiz artıb.

Nazir müavini səhiyyə xərclərindən danışarkən icmal büdcə göstəricilərinə də diqqət çəkib. Bildirib ki, dövlət büdcəsi və İcbari Tibbi Sığorta Fondunun vəsaitləri hesabına səhiyyə sahəsinə ayrılan ümumi vəsait 4 milyard manat təşkil edir.

H.Məmişov qeyd edib ki, bu məbləğ 2025-ci illə müqayisədə 1 milyard manat və ya 36 faiz çoxdur. 2023-2027-ci illər ərzində isə icmal səhiyyə xərcləri 1,7 milyard manat və ya 74 faiz artıb.

Şəbnəm Mehdizadə