- 7 İyun 13:30
"Ümummilli lider Heydər Əliyevin "Şöhrət" ordeni, Prezident İlham Əliyevin "Şərəf" ordeni ilə təltif etdiyi, Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının keçmiş üzvü, Respublikanın xalq artisti, professor, mərhum bəstəkar Əlimusa Mirzəyevə məxsus torpaq sahəsinə arayış verilməsi ilə bağlı müraciət etmişik. Lakin müraciətə laqeyd şəkildə yanaşıldığına və süründürməçiliyə yol verildiyinə görə 1 ildən artıqdır ki, məsələ öz həllini tapmayıb".
Bunu e-huquq.az-a açıqlamasında vəkil Yusif Allahverdiyev deyib.
Onun sözlərinə görə, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5576 nömrəli bağ sahəsinin görkəmli bəstəkar mərhum Əlimusa Mirzəyevə məxsus olmasına dair arayışın verilməsi tələbi ilə 2022-ci ilin fevral ayında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edib.
"Qeyd olunan qurum tamamilə əsassız şəkildə müraciətin icrasından yayınır. Arayışın verilməsi öhdəliyinin bu qurum üzərinə qoyulması tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunsa da, cavabdeh öz qanunsuz hərəkətlərini bugünədək davam etdirməklə məhkəmə tərəfindən tələb olunan iş üzrə əhəmiyyət kəsb edən sənədlərin, tələb olunan mütəxəssis rəyinin təqdim edilməsindən yayınır. Görünür, Azərbaycan Respublikasının mədəniyyətinə olan qatqısı və xidmətləri ölkə başçısı tərəfindən qiymətləndirilən mərhum Əlimusa Mirzəyev sözügedən İdarənin diqqətindən kənardadır" - deyə Y.Allahverdiyev qeyd edib.