ABŞ-da ərzaq qiymətlərinin sürətlə artması əhalinin gündəlik həyatına ciddi təsir göstərir.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, “Self Financial” maliyyə şirkəti avqust ayında 1 000 nəfərin iştirakı ilə sorğu keçirib.
İctimai rəy sorğusunun nəticələrinə görə, ölkə əhalisinin təxminən yarısı bahalaşma səbəbindən bəzi yemək paylarını ötürməyə başladığını bildirib.
Xüsusilə aztəminatlı təbəqələr üçün ərzaq xərclərinin artması gündəlik həyatı daha da çətinləşdirib. Aparılan araşdırma bahalaşmanın insanların qidalanma vərdişlərinə və psixoloji vəziyyətinə təsirini ortaya qoyub.
Sorğuda iştirak edənlər ərzaq qiymətlərinin yüksək olmasının psixi sağlamlığa və stress səviyyəsinə təsirinin ağır iş rejimi, yuxusuzluq və istirahət çatışmazlığı kimi amillərdən daha güclü olduğunu bildiriblər.
Araşdırmanın yekun hesabatında qeyd olunub ki, ərzaq xərclərinin artması insanların yalnız alış-veriş səbətinə daxil etdikləri məhsullara deyil, həyatlarının digər sahələrinə də təsir göstərir.
Araşdırmanın diqqətçəkən nəticələrindən biri də ABŞ vətəndaşlarının əhəmiyyətli hissəsinin bahalaşma səbəbindən bəzi yeməkləri yeməkdən imtina etməsidir.
Sorğunun nəticələrinə əsasən, yemək paylarını ötürdüyünü bildirənlərin payı ölkə əhalisinin təxminən yarısına çatıb.
Qeyd edək ki, ABŞ-da ərzaq məhsullarının qiymətləri son altı il ərzində 28 faiz yüksəlib. Bəzi məhsullarda bahalaşma daha yüksək olub. Belə ki, qiymə ətinin qiyməti 67 faiz, qəhvənin qiyməti isə 108 faiz artıb.
Bu göstəricilər ərzaq xərclərinin artmasının ABŞ-da ev təsərrüfatlarının büdcəsinə və əhalinin qidalanma imkanlarına təsirini bir daha gündəmə gətirib.
Şəbnəm Mehdizadə
