Məzmuna keç

İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 69-a çatıb

İspaniyanın Toledo şəhəri yaxınlığında iki sərnişin qatarının toqquşması nəticəsində həlak olanların sayı 69-a yüksəlib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisədən sonra tibbi yardıma ehtiyacı olan 110 yaralıdan 60-ı xəstəxanadan evə buraxılıb. Hazırda 50 nəfərin müalicəsi davam edir. 

Qəza nəticəsində həyatını itirən şəxslərin kimliklərinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Ümumilikdə 544 sərnişinin olduğu qatarlarda Çin, Yaponiya, Filippin və İtaliya da daxil olmaqla müxtəlif ölkələrin vətəndaşları olub. Həlak olanlardan birinin Argentina vətəndaşı olduğu müəyyən edilib.

Ölənlər arasında 2011-2018-ci illərdə İspaniyanın əmək və sosial təminat naziri, eləcə də səhiyyə naziri vəzifələrində çalışmış Mariya Fatima Banes Qarsiya da var.

İspaniyanın Baş naziri Pedro Sançes Toledoda yerləşən İnteqrasiya Olunmuş Əməliyyatların Koordinasiya Mərkəzində (CECOPI) keçirilən fövqəladə vəziyyətlə bağlı iclasda iştirak edib.

İclasdan sonra açıqlama verən Sançes qəzanın bütün təfərrüatlarının aydınlaşdırılması və dəmir yolu təhlükəsizliyinin gücləndirilməsi üçün hökumətin bütün strukturlarının gecə-gündüz fəaliyyətini davam etdirəcəyini bildirib.

Baş nazir qəza yerində xilasetmə və yardım işlərinə cəlb olunan, aralarında hərbçilərin də olduğu 827 nəfərə təşəkkür edib. O, istefası radikal sağçı qüvvələr tərəfindən tələb edilən nəqliyyat naziri Oskar Puenteyə də dəstəyini ifadə edib.

Oktyabrın 28-də Toledonun Urda və Los Yebenes yaşayış məntəqələri arasındakı ərazidə baş verən qəza səbəbindən Madrid–Əndəlüs marşrutu üzrə qatar biletlərinin satışının dekabr ayına qədər dayandırıldığı bildirilib.

Hazırda qəza yerində dağıntıların təmizlənməsi işləri davam edir. Ərazidə təhlükəsizlik tədbirləri çərçivəsində iki kilometrədək məsafədən görüntü çəkilməsinə qadağa qoyulub.

Rəsmi açıqlamalarda bildirilir ki, araşdırması davam edən qəzanın ilkin ehtimallara görə, əsas idarəetmə mərkəzində insan səhvi nəticəsində baş verdiyi güman edilir.

Şəbnəm Mehdizadə