İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının cənubunda Tehranın qadağan etdiyi marşrutdan istifadə etməyə çalışan 3 neft tankerinin dəniz minalarına çırpılaraq partladığını və alovlandığını iddia edib.
E-huquq.az-ın xarici KİV-ə istinadən məlumatına görə, SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin yazılı açıqlamasında bildirilib ki, son 24 saat ərzində sözügedən marşrutla hərəkət etməyə çalışan neft tankerində dəniz minalarına çırpılma nəticəsində partlayış və yanğın baş verib.
Açıqlamada tankerlərin radar və naviqasiya sistemlərini söndürdüyü, SEPAH Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymayaraq Hörmüz boğazının cənubundakı icazəsiz marşrutdan istifadə etməyə çalışdığı iddia olunub.
İran tərəfi həmin marşrutun dəniz minaları ilə əhatə olunduğunu bildirib. Gəmilərin sahiblərinə və ekipaj üzvlərinə bu istiqamətdən istifadə edəcəkləri təqdirdə yarana biləcək nəticələrə görə məsuliyyət daşıyacaqları barədə xəbərdarlıq edilib. Həmçinin ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamalarına etibar edilməməsi çağırışı olunub.
SEPAH-ın açıqlamasında, həmçinin Hörmüz boğazında müəyyən edilmiş qaydaları nəzərə almayan və ABŞ ordusunun dəstəyi ilə həyata keçirilən istənilən “təxribatçı cəhdə” qətiyyətlə cavab veriləcəyi vurğulanıb.
Şəbnəm Mehdizadə
