Məzmuna keç

Fransada sualtı qayıq oğurlandı – 100 avroya satışa çıxarıldı

Fransada dalğıclıq mağazasının dekorasiya məqsədilə istifadə etdiyi sarı rəngli sualtı qayıq oğurlanaraq internetdə 100 avroya satışa çıxarılıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın Ain bölgəsində dalğıclıq avadanlıqları mağazasından oğurlanan dekorativ sualtı qayığın ikinci əl əşyaların satıldığı onlayn platformada satışa çıxarıldığı müəyyən edilib.

Ferney-Voltaire qəsəbəsində oktyabr ayında baş verən oğurluq hadisəsindən sonra qayığın sahibi onun internetdə satışa qoyulduğunu aşkar edib və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib.

Müraciətdən sonra araşdırmaya başlayan Bezanson polisi elandakı məlumatları izləyərək oğurlanmış sualtı qayığın yerini müəyyənləşdirib.

Oktyabrın 26-da keçirilən əməliyyat nəticəsində oğurlanmış qayiq tapılaraq sahibinə qaytarılıb.

Hadisə ilə əlaqəli olduqları müəyyən edilən 27 və 47 yaşlı iki nəfər saxlanılıb. Şübhəlilərin qeyri-adi oğurluq hadisəsi ilə bağlı ittiham üzrə prokurorluğa təhvil verildiyi bildirilib.

Şəbnəm Mehdizadə