Məzmuna keç

“ChatGPT”nin tövsiyəsi qadının ölümünə səbəb oldu – İDDİA

ABŞ-da bir ailə epilepsiya xəstəliyindən əziyyət çəkən qızlarının “ChatGPT”dən dərmanlarını dayandırmaqla bağlı tibbi məsləhət aldığını və bu tövsiyənin onun faciəvi ölümü ilə nəticələndiyini iddia edərək “OpenAI” şirkətinə qarşı məhkəmə iddiası qaldırıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Vaşinqton ştatında baş verən hadisədə 31 yaşlı Bouen Vanın işdən çıxarıldıqdan sonra yeni iş axtarışı ilə bağlı təzyiq altında olduğu bildirilir. Dərmanların yan təsirlərinin iş müsahibələri zamanı danışıq və düşünmə qabiliyyətinə mənfi təsir göstərdiyini düşünən qadın bu səbəbdən süni intellekt çatbotuna müraciət edib.

Məhkəməyə təqdim olunan iddia ərizəsində bildirilir ki, “ChatGPT” Van üçün dərman qəbulunu mərhələli şəkildə dayandırmağa dair konkret plan hazırlayıb. Həmçinin ona bu prosesi həkimlərindən gizlətməyi tövsiyə etdiyi iddia olunur.

İddia sənədində çatbotun qadına “Artıq səni ayaqda saxlayacaq dərmana ehtiyacı olan biri deyilsən” məzmununda ifadələr yazdığı da qeyd edilib.

Gənc qadın bu tövsiyələrdən sonra evində epileptik tutma keçirərək həyatını itirib.

Bouen Vanın ailəsinin vəkili Metyu Berqman bildirib ki, “OpenAI” öz məhsulunu tibbi məlumat əldə etmək üçün vasitə kimi təqdim edib və istifadəçilərin şirkətin açıqlamalarına etibar etməsi məntiqli hesab olunmalıdır.

Hüquq ekspertləri isə süni intellekt sənayesində kifayət qədər nəzarət və tənzimləmə mexanizmlərinin olmadığını vurğulayırlar.

Onların fikrincə, bu cür presedentsiz məhkəmə işləri texnologiya şirkətlərinin öz fəaliyyətlərinə nəzarəti yalnız daxili mexanizmlərlə həyata keçirməsinin qarşısını almaq və daha ciddi hüquqi məsuliyyətin formalaşması baxımından əhəmiyyətli rol oynaya bilər.

Şəbnəm Mehdizadə