Fransanın daxili işlər naziri Loran Nunyes ölkənin bir sıra şəhərlərində keçiriləcək etiraz aksiyaları fonunda mümkün iğtişaşlarla bağlı xəbərdarlıq edib.
E-huquq.az xəbər verir ki, qiymətlərin bahalaşması, əməkhaqlarının aşağı olması və sosial problemlərlə əlaqədar artan narazılıqlar təhlükəsizlik qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirib.
Nazir şənbə gününün ictimai asayiş baxımından çox yüksək riskli olacağını bildirib. Ölkə üzrə təhlükəsizliyin təmin edilməsi məqsədilə 70 min təhlükəsizlik əməkdaşının səfərbər ediləcəyi açıqlanıb.
Nunyes bəzi radikal qrupların sosial şəbəkələr vasitəsilə Hellouin bayramına təsadüf edən gündə zorakı xarakterli aksiyalara çağırış etdiyini bildirib. O, hüquq-mühafizə orqanlarının mümkün qanun pozuntularına qarşı sərt tədbirlər görəcəyini vurğulayıb.
Nazirin sözlərinə görə, xüsusilə əsas etiraz aksiyaları başa çatdıqdan sonra, şənbə günü axşam saatlarında iğtişaşların baş vermə riski daha yüksəkdir.
Nunyes qeyd edib ki, fəhlə hərəkatı, radikal ifrat solçu qruplar və bəzi ekstremist “Sarı jiletlilər” hərəkatı ilə əlaqəli internet resursları əhalini 31 oktyabr şənbə günü saat 20:00-dan etibarən ölkənin müxtəlif şəhərlərində toplaşmağa çağırıb. Bu müraciətlərin radikal ritorika ilə müşayiət olunduğu və ictimai asayiş üçün ciddi təhlükə yaratdığı bildirilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, ötən şənbə günü keçirilən nümayişlərdə 410 min nəfər iştirak edib. Həmin aksiyalarda da 70 min polis əməkdaşı təhlükəsizliyin təmin edilməsinə cəlb olunub. Görülən tədbirlər nəticəsində oktyabrın 17-də bir sıra şəhərlərdə qeydə alınan talan və vandalizm hallarının təkrarlanmasının qarşısı alınıb.
Şəbnəm Mehdizadə
