NASA-nın “Parker Solar Probe” kosmik aparatı Günəş ətrafındakı plazma turbulentliyində indiyədək müşahidə edilməmiş nizamlı struktur aşkar edib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, kəşfin Yer kürəsində maqnit fırtınalarının mexanizmini daha yaxşı anlamağa və onların proqnozlaşdırılmasına töhfə verəcəyi gözlənilir.
Beynəlxalq tədqiqatçılar qrupu aparatın topladığı məlumatlar əsasında turbulent maqnit sahələrinin fırlanma istiqamətinin müxtəlif miqyaslarda dəyişdiyini müəyyən edib. Belə ki, böyük miqyaslarda maqnit sahələri saat əqrəbinin əksi istiqamətində, kiçik miqyaslarda isə saat əqrəbi istiqamətində fırlanır. Alimlərin fikrincə, bu dəyişiklik plazmanın maye kimi davrandığı miqyasdan ayrı-ayrı zərrəciklərin dinamikasının üstünlük təşkil etdiyi mərhələyə keçid zamanı baş verir.
Araşdırmanın nəticələri “The Astrophysical Journal Letters” elmi jurnalında dərc olunub. Tədqiqatçılar bildirirlər ki, əldə edilən nəticələr plazma fizikası və astrofizikanın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Plazma turbulentliyi Günəş küləyi, Günəş alışmaları və Yer kürəsinin maqnitosferində baş verən proseslərə təsir göstərir. Xüsusilə günəş alışmaları nəticəsində yaranan şok dalğaları və maqnit buludları ilə qarşılıqlı əlaqəsi bu hadisənin geomaqnit fırtınalarının öyrənilməsi və proqnozlaşdırılması üçün əhəmiyyətini artırır.
Şəbnəm Mehdizadə
