Məzmuna keç

Kolumbiyada polis bölməsinə bombalı hücum: 1 ölü, 6 yaralı

Kolumbiyanın cənubunda yerləşən Kauka inzibati bölgəsində polis bölməsinə bombalı hücum olub.

E-huquq.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Kauka bölgəsinə bağlı El Estreço qəsəbəsində yerləşən polis bölməsi güclü partlayışla hədəfə alınıb.

Hücum nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Partlayış nəticəsində ətrafdakı yaşayış evlərinə, ticarət obyektlərinə və təhlükəsizlik qüvvələrinə məxsus binalara ciddi ziyan dəyib.

Hadisədən sonra bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib. Təhlükəsizlik səbəbindən magistral yolun hadisənin baş verdiyi ərazidən keçən hissəsi hər iki istiqamətdə nəqliyyatın hərəkəti üçün bağlanıb.

Qeyd edək ki, bölgədə narkotik qaçaqmalçılığı və qanunsuz mədənçilik marşrutlarına nəzarət uğrunda mübarizə aparan qeyri-qanuni silahlı qruplaşmalar tez-tez təhlükəsizlik qüvvələrini və infrastrukturu hədəfə alır.

Şəbnəm Mehdizadə