Məzmuna keç

“OpenAI” etirazlardan sonra məlumat mərkəzləri ilə bağlı yeni öhdəliklərini açıqlayıb

ABŞ-də süni intellekt məlumat mərkəzlərinə qarşı artan narazılıqlar fonunda “OpenAI” şirkəti yeni öhdəliklərini açıqlayıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkət məlumat mərkəzlərinin fəaliyyətində şəffaflığı artırmağı, yerli icmalarla əməkdaşlıq etməyi və əməliyyatlar barədə illik hesabatlar təqdim etməyi vəd edib. Öhdəliklərə əsasən, “OpenAI” yeni məlumat mərkəzlərinin elektrik enerjisi və infrastruktur xərclərini özü qarşılayacaq. Layihələrin təxirə salınması və ya ləğvi nəticəsində digər müştərilərin zərər görməməsi üçün maliyyə təminatları da veriləcək.

Şirkət su və enerji sərfiyyatının azaldılmasına da xüsusi diqqət ayıracağını bildirib. Bu məqsədlə məlumat mərkəzlərində az su istifadə edən soyutma sistemləri tətbiq olunacaq, elektrik və su istehlakı barədə məlumatlar ictimaiyyətə açıqlanacaq.

“OpenAI” dövlət rəsmiləri ilə məlumatların açıqlanmamasına dair sazişlər bağlamayacağını da bəyan edib. Yalnız təhlükəsizlik, kommersiya sirri və mülkiyyət hüquqları ilə bağlı məlumatların qorunması üçün məhdudiyyətlər nəzərdə tutulur.

Qeyd edək ki, ABŞ-də süni intellekt infrastrukturu üçün nəzərdə tutulan milyardlarla dollarlıq investisiyalar yerli əhalinin müqaviməti ilə üzləşir. Sakinlər məlumat mərkəzlərinin yüksək elektrik və su istehlakından, enerji şəbəkəsinə əlavə yük yaratmasından və ətraf mühitə təsirindən narahatdırlar.

Bu narazılıqlar bəzi ərazilərdə məlumat mərkəzi layihələrinin məhdudlaşdırılması və ya qadağan edilməsi təşəbbüslərini də gücləndirib.

Şəbnəm Mehdizadə