Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi Yəmənlə sərhəddə yerləşən Nəcran əyalətində erkən xəbərdarlıq sistemini işə salıb.
E-huquq.az ölkə mətbuatına istinadən xəbər verir ki, bu barədə qurum bəyanat yayıb. Həmçinin ərazidə yaşayan sakinlərin mobil telefonlarına xəbərdarlıq mesajları göndərilib.
Bəyanatda Səudiyyə Ərəbistanının cənubunda yerləşən Nəcran əyalətində mümkün təhlükə ilə əlaqədar erkən xəbərdarlıq sisteminin aktivləşdirildiyi bildirilib. Sakinlərə təmkinli olmaq, rəsmi qurumların göstərişlərinə əməl etmək və təhlükəsiz ərazilərə keçmək tövsiyə edilib.
Xəbərdarlıq sisteminin işə salınmasından qısa müddət sonra Mülki Müdafiə İdarəsi ikinci bəyanat yayıb. Açıqlamada xəbərdarlıq mesajlarının göndərildiyi ərazilərdə təhlükənin sovuşduğu qeyd olunub.
Şəbnəm Mehdizadə
