Kanada, Tailand və Fransadan olan alimlər təxminən 34 milyon il əvvəl yaşamış, çəkisi 30 kiloqrama çatan nəhəng gəmirici növünün qalıqlarını aşkar ediblər.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kanadadakı Makqill Universiteti (McGill University) açıqlama yayıb.
Məlumata görə, universitetin, Tailandın və Fransanın müxtəlif elmi-tədqiqat institutlarının paleontoloqları Tailandın Krabi bölgəsində aşkar edilmiş məməli heyvan qalıqlarını araşdırıblar. Tədqiqatçılar dişlərin ölçülərinə əsaslanaraq heyvanın bədən kütləsini hesablamaq üçün yeddi fərqli metoddan istifadə ediblər. Nəticədə gəmiricinin təxminən 30 kiloqram ağırlığında olduğu müəyyən edilib. Təxminən 34 milyon il əvvəl Paleogen dövründə yaşamış bu növə “Yakamys sirindhornae” adı verilib. Adın ilk hissəsi tay dilində “nəhəng” mənasını verən “yak” və yunan dilində “siçan” mənasını ifadə edən “mys” sözlərinin birləşməsindən yaranıb.
Alimlərin sözlərinə görə, yeni aşkar edilmiş gəmirici həmin dövrün digər növlərindən təxminən iki dəfə böyük olub. Tapıntı iri bədənli gəmiricilərin təkamül tarixinin əvvəllər güman ediləndən daha qədim olduğunu və onların daha geniş coğrafiyada yayıldığını göstərir. Tədqiqatın həmmüəllifi, Makqill Universitetinin biologiya professoru Vircini Milyen bildirib ki, gəmiricinin çəkisi təxmini hesablamadır və fosil qalıqları əsasında bədən kütləsini müəyyənləşdirmək müəyyən qeyri-müəyyənliklər yaradır.
O qeyd edib ki, hazırda yaşayan ən böyük gəmiricilər kapibaralardır. İri bədənli gəmiricilərin əsasən Cənubi Amerikada təkamül keçirdiyi düşünülsə də, yeni kəşf Cənub-Şərqi Asiyanın da bu heyvanların erkən təkamül tarixində mühüm rol oynadığını göstərir.
Tədqiqatın nəticələri “Scientific Reports” elmi jurnalında dərc olunub.
Şəbnəm Mehdizadə
