Məzmuna keç

Bələdiyyəyə məxsus 12 min manatlıq dəmir boruları oğurladı

Ağsu rayonunda bələdiyyəyə məxsus dəmir boruları oğurlamaqda təqsirləndirilən Rəşad Babayevin (şərti ad-soyad) cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

E-huquq.az-ın məlumatına görə, məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxs Ağsu rayonunun Bico kəndində heyvanların suvarılması üçün yaradılmış süni gölə suyun nəqlini təmin edən, Bico Bələdiyyəsinə məxsus 270 mm diametrli və 120 metr uzunluğunda dəmir borunu oğurlayıb. Borunun dəyəri 6000 manat təşkil edib.

Bundan başqa, o, həmin ərazidə yerləşən daha 136 metr uzunluğunda, 6800 manat dəyərində dəmir borunu da oğurlamağa cəhd edib. Lakin Ağsu Rayon İcra Hakimiyyəti başçısının Bico kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri hadisə yerinə gəldiyindən niyyətini başa çatdıra bilməyib.

Məhkəmə istintaqı zamanı ifadə verən Rəşad Babayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində metal yığıb satmaqla ailəsini dolandırdığını bildirib. Təqsirləndirilən şəxsin sözlərinə görə, 2026-cı ilin mart ayının əvvəllərində Bico kəndində yerləşən süni gölə balıq tutmağa gedərkən metal borularla suyun nəql olunduğunu görüb. Boruların istismardan çıxarıldığını və heç kimin mülkiyyətində olmadığını düşündüyündən onları oğurlamaq qərarına gəlib.

O, gecə saatlarında idarə etdiyi “Niva” markalı avtomobillə əraziyə gələrək rezak və avtojen alətləri vasitəsilə 120 metr uzunluğunda borunu kəsib.

Daha sonra Sabirabad rayonundan tanıdığı Elmin, Amid və Murad adlı şəxslərlə əlaqə saxlayaraq boruların şirkətə məxsus olduğunu və onların kəsilib daşınmasına icazə aldığını bildirib. Həmin şəxslərə görüləcək iş müqabilində gündəlik 50 manat ödəyəcəyini vəd edib. Murad vasitəsilə Samir adlı şəxs də işə cəlb olunub.

Bundan sonra R.Babayev Bərdə rayonundan tanıdığı Ramiz adlı şəxslə əlaqə saxlayaraq boruların Bakı şəhərinə daşınmasını təşkil edib. Ramiz bu iş müqabilində 400 manat tələb edib.

Gecə saat 03 radələrində Ramiz “KamAZ” markalı yük avtomobili ilə əraziyə gəlib. Təqsirləndirilən şəxs və digər şəxslər əvvəlcədən kəsilmiş boruları avtomobilə yükləyiblər. Daha sonra borular Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən daş bazarında tanımadığı şəxsə satılıb.

Təqsirləndirilən şəxs bundan sonra yenidən Bico kəndinə qayıdaraq 136 metr uzunluğunda digər dəmir borunu da kəsib.

İkinci dəfə boruların daşınmasını təşkil etmək üçün Ramizlə əlaqə saxlayıb. Həmin gün saat 22:30 radələrində Elmin, Samir və Muradla birlikdə əraziyə gedərək yük avtomobilini gözləyiblər. Bu zaman icra nümayəndəsi və bələdiyyə sədri hadisə yerinə gəliblər. Təqsirləndirilən şəxs avtomobili ilə ərazidən uzaqlaşmağa çalışsa da, buna nail ola bilməyib. Hadisə yerinə çağırılan polis əməkdaşları onu saxlayaraq Ağsu Rayon Polis Şöbəsinə aparıblar.

R.Babayev əlavə ifadəsində digər şəxslərin boruların oğurluq olduğunu bilmədiklərini, onları şirkətə məxsus və daşınmasına icazə verilmiş borular kimi təqdim etdiyini deyib. O, özünün də boruların istismara yararsız olduğunu düşündüyünü, sonradan onların bələdiyyəyə məxsus olduğunu öyrəndiyini bildirib.

Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş tərəfə dəymiş ziyanı tam ödədiyini və bələdiyyə ilə barışdığını qeyd edib. Ailəli olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini nəzərə alaraq məhkəmədən azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edib.

Ağsu Rayon Məhkəməsinin hökmü ilə Rəşad Babayev Cinayət Məcəlləsinin 177.2.4, 29, 177.2.2 və 29, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

Həmçinin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, onun ibtidai istintaq zamanı tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 6 ay 7 gün müddət cəzanın 1 il 14 gününə bərabər tutulub. Həmin müddət təyin edilmiş cəzadan çıxıldıqdan sonra üzərində qəti olaraq 1 il 11 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Şəbnəm Mehdizadə