Avstraliyanın Viktoriya ştatında meşəlik ərazidə itkin düşən 17 yaşlı Uilyam 6 gün sonra tapılıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Melburn şəhərindən təxminən 185 kilometr şərqdə, Valhalla yaxınlığında baş verib.
Məlumata görə, 17 yaşlı Uilyam noyabrın 6-da dostu ilə birlikdə meşəlik əraziyə gedib. Düşərgə üçün bəzi ləvazimatları götürmək məqsədilə ərazidən uzaqlaşan yeniyetmə geri qayıtmayıb.
Dostları onun geri dönmədiyini gördükdən sonra polisə müraciət edərək itkin düşməsi barədə məlumat veriblər.
Polisin bir neçə gün davam edən axtarışları nəticəsində Uilyam çay kənarındakı qayalıq ərazidə, köməksiz vəziyyətdə tapılıb.
Helikopterlə həyata keçirilən xilasetmə əməliyyatı zamanı yeniyetmə xüsusi qaldırıcı qurğu vasitəsilə olduğu yerdən götürülərək təhlükəsiz əraziyə aparılıb.
Məlumata görə, bədəninin müxtəlif nahiyələrində günəş yanıqları aşkarlanan yeniyetmənin ciddi sağlamlıq problemi olmayıb. O, müayinə və tibbi yardım üçün xəstəxanaya yerləşdirilib.


Şəbnəm Mehdizadə
