Məzmuna keç

Hakerlər saxta videozənglər vasitəsilə 400 milyon dollardan çox kriptovalyuta oğurlayıb

ABŞ Federal Təhqiqat Bürosunun (FBI) məlumatına görə, Şimali Koreya ilə əlaqəli hakerlər saxta videozənglərdən istifadə edərək 400 milyon dollardan çox kriptovalyuta ələ keçiriblər.

E-huquq.az-ın xarici KİV-ə istinadən məlumatına görə, FBI bildirib ki, son 18 ay ərzində 900-dən çox şəxs “FaceStealer” adlandırılan dələduzluq üsulunun qurbanı olub.

Hakerlər “Zoom”, “Microsoft Teams” və “Google Meet” platformalarının saxta versiyaları vasitəsilə qurbanları videozənglərə dəvət edirlər. Görüş zamanı tanış şəxslərin əvvəlcədən qeydə alınmış videoları nümayiş etdirilir, daha sonra səs problemini aradan qaldırmaq bəhanəsi ilə istifadəçilərdən göndərilən keçidə daxil olmaq tələb olunur.

Bu keçid vasitəsilə cihazlara zərərli proqram yüklənir və hakerlər şəxsi məlumatlara, kontaktlara və tətbiqlərə çıxış əldə edirlər.

FBI xəbərdarlıq edib ki, bu üsul hətta texniki bilikləri yüksək olan istifadəçiləri belə aldada bilər. Qurumun bildirdiyinə görə, oğurlanan kriptovalyutalar Şimali Koreyanın qanunsuz silah proqramlarının maliyyələşdirilməsində istifadə olunur.

Şəbnəm Mehdizadə