Məzmuna keç

Deputat: “Azərbaycan xarici dövlət borcu az olan ölkələr sırasındadır”

Azərbaycan xarici dövlət borcunun aşağı səviyyədə olduğu ölkələr sırasındadır. Bu, ölkədə ehtiyatlı maliyyə idarəçiliyinin və aşağı borc yükünün qorunmasına yönəlmiş iqtisadi siyasətin nəticəsidir.

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 2026-cı il oktyabrın 1-nə dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti 17,3 faiz təşkil edir. Bu göstərici beynəlxalq səviyyədə qəbul edilən 30 faizlik təhlükəsizlik həddindən xeyli aşağıdır.

H.Hüseynova bildirib ki, aşağı dövlət borcu səviyyəsi ölkənin iqtisadi müstəqilliyini gücləndirir və xarici maliyyə bazarlarında yaranan risklərdən qorunmasına kömək edir. Onun fikrincə, bu amil beynəlxalq qurumlar tərəfindən Azərbaycanın əsas makroiqtisadi üstünlüklərindən biri kimi qiymətləndirilir.

Komitə sədri qeyd edib ki, beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələrinə əsasən, aşağı borc yükü və Azərbaycan Respublikası Dövlət Neft Fondunun əhəmiyyətli həcmdə valyuta aktivlərinə malik olması ölkənin qlobal iqtisadi böhranlardan və xarici şoklardan qorunmasına şərait yaradır.

O əlavə edib ki, “S&P Global Ratings”, “Moody’s Ratings” və “Fitch Ratings” kimi beynəlxalq reytinq agentlikləri Azərbaycanın suveren kredit reytinqini və iqtisadi dayanıqlığını sabit və investisiya reytinqləri çərçivəsində qiymətləndirirlər.

H.Hüseynovanın sözlərinə görə, qlobal geosiyasi və iqtisadi çağırışların artdığı bir dövrdə bu qiymətləndirmələr Azərbaycanın beynəlxalq investorlar üçün cəlbediciliyinin və ölkəyə olan etimadın göstəricisidir.

Şəbnəm Mehdizadə