Pakistanın Lahor şəhərində fermada saxlanılan pələngin hücumuna məruz qalan işçi həyatını itirib.
E-huquq.az xəbər verir ki, “Dawn” qəzetinin məlumatına görə, Nauman adlı şəxs sosial şəbəkələrdə paylaşmaq üçün video çəkmək məqsədilə Lahor şəhərinin Kahna bölgəsində yerləşən fermaya gəlib. Onun səfəri zamanı fermada saxlanılan dişi pələng işçilərdən biri olan Talhaya hücum edib.
Ağır xəsarətlər alan 19 yaşlı gənc xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Polis hadisənin əvvəlcə it hücumu kimi təqdim edilərək gizlədilməyə çalışıldığını, lakin aparılan araşdırmalar nəticəsində gəncin pələngin hücumuna məruz qaldığının müəyyən edildiyini açıqlayıb.
Hadisə ilə əlaqədar fermasının sahibi və sosial media məzmunu hazırlayan Nauman saxlanılıb.
Hazırda səlahiyyətli qurumlar fermada pələng saxlanılması üçün lazımi icazələrin olub-olmadığını, eləcə də təhlükəsizlik tədbirlərinin yetərli səviyyədə görülüb-görülmədiyini araşdırır.
Şəbnəm Mehdizadə
