Məzmuna keç

Dövlət borcunun idarə edilməsi strategiyasının yenilənməsi təklif edilir

Dövlət borcunun idarə edilməsi strategiyasının yenilənməsi təklif edilir.

E-huquq.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

O qeyd edib ki, “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsi” 2025-ci ildə başa çatıb.

V.Gülməmmədovun sözlərinə görə, strategiyanın yekun hissəsində sənədin 2022–2025-ci illər ərzində dövlət borcalmalarının idarə edilməsini və 2030-cu ilin sonunadək olan dövr üçün uzunmüddətli baxışı əhatə etdiyi qeyd olunur. Sənəddə 2030-cu ilin sonuna dair bir neçə göstərici də əksini tapıb.

O bildirib ki, strategiyada 2025–2030-cu illər üzrə 2 milyard manat məbləğinədək dövlət zəmanətinin verilməsi nəzərdən keçirilə bilər. Lakin “Büdcə zərfi”ndə, konkret olaraq qanun layihəsində, 2027-ci il üzrə dövlət zəmanətinin limitinin 6 milyard manat təsdiq edilməsi nəzərdə tutulub.

Hesablama Palatasının sədri diqqətə çatdırıb ki, 2030-cu ilin sonuna məcmu dövlət zəmanətli maliyyə öhdəliklərinin həcminin 16,8 milyard manatadək endirilməsi hədəflənir.

“Qeyd olunanları nəzərə alaraq, hesab edirik ki, dövlət borcunun orta və uzunmüddətli dövrə strateji çərçivəsinin yenilənməsinə, o cümlədən 2027–2030-cu illəri əhatə edəcək ölkə strategiyasının və büdcə xərcləri üzrə müəyyən edilməli olan fiskal institutlarla uzlaşdırılaraq işlənməsinə zərurət var”, – deyə Vüqar Gülməmmədov bildirib. 

Şəbnəm Mehdizadə