Bank sektorunun kredit portfeli 34,3 milyard manata çatıb.
E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
AMB sədri qeyd edib ki, 2026-cı ilin 10 ayında bank sektoru sabit fəaliyyətini davam etdirib. Onun sözlərinə görə, bank sektorunda məcmu kapital adekvatlığı səviyyəsi 16,5%, likvidliyin örtülmə əmsalı isə 153% olmaqla normativləri əhəmiyyətli dərəcədə üstələyib. Sektor mənfəətlə fəaliyyət göstərib.
T.Kazımov bildirib ki, kredit portfeli 10 ayda 14%, 2021-ci illə müqayisədə isə 2,1 dəfə artaraq 34,3 milyard manata çatıb. O cümlədən, biznes kreditləri üzrə artım 10 ayda 17,1%, 2021-ci illə müqayisədə isə 1,9 dəfə təşkil edərək 18,9 milyard manata yüksəlib.
AMB sədrinin sözlərinə görə, 2021–2026-cı illər üzrə ümumi daxili məhsulun kumulyativ nominal artımı 51,2%, qeyri-neft-qaz sektoru üzrə isə 76,1% qiymətləndirilir.
O qeyd edib ki, oktyabr ayında bank sektorunda qeyri-işlək kreditlərin ümumi kredit portfelində payı cəmi 2,7% olub.
T.Kazımovun sözlərinə görə, 10 ayda əhalinin əmanətləri 14,6%, o cümlədən müddətli əmanətləri 16,4% artıb. Son 5 ildə əmanət portfeli 2,1 dəfə artaraq 18,7 milyard manata çatıb. Bununla yanaşı, unikal əmanətçilərin sayı 2023-cü illə müqayisədə 2,2 dəfə artaraq 231,9 min nəfərə yüksəlib.
“Əmanət bazasının genişlənməsi əhalinin bank sektoruna etimadının artdığını göstərməklə yanaşı, bankların uzunmüddətli resurs bazasının möhkəmlənməsinə şərait yaratmışdır”, – deyə AMB sədri vurğulayıb.
Şəbnəm Mehdizadə
