Böyük Britaniyada 18 yaşdan kiçik 419 uşağa çəki azaltmaq üçün istifadə olunan GLP-1 \qrupuna aid dərmanlar təyin edilib.
E-huquq.az “The Guardian” qəzetinə istinadən xəbər verir ki, Britaniyanın Milli Səhiyyə Xidmətinin (NHS) məlumatlarına əsaslanan araşdırmaya görə, 2025-2026-cı illərdə bu dərmanlar 419 uşağa yazılıb. Onlardan 10-u 12 yaşdan kiçik olub.
Məlumata əsasən, 2026-cı ilin iyul ayına qədərki dörd ay ərzində 341 uşağa bu preparatlar təyin edilib. Onlardan 15-i 12 yaşdan kiçik olub. Qeyd olunur ki, statistika yalnız adi apteklərdə verilən reseptləri əhatə edir, özəl klinikalar və xəstəxanalar tərəfindən təyin olunan dərmanlar nəzərə alınmayıb. Buna görə də real göstəricilərin daha yüksək ola biləcəyi ehtimal edilir.
Əvvəlcə 2-ci tip şəkərli diabetin müalicəsi üçün hazırlanan GLP-1 reseptor aqonistləri hazırda piylənmənin müalicəsində də istifadə olunur. Mütəxəssislər bildirirlər ki, uşaqlara bu preparatlar yalnız ağır piylənmə hallarında və digər müalicə üsulları nəticə vermədikdə təyin edilməlidir. Onların istifadəsi zamanı uşaqların böyüməsi, yetkinlik dövründə inkişafı, qidalanma vəziyyəti və psixi sağlamlığı ciddi nəzarətdə saxlanılmalıdır.
Mütəxəssislər həmçinin müalicə dayandırıldıqdan sonra itirilmiş çəkinin yenidən bərpa oluna biləcəyi barədə xəbərdarlıq edirlər.
Qeyd edək ki, Böyük Britaniyada 4–5 yaşlı uşaqların 10,7 faizi, 10–11 yaşlıların isə 22,8 faizi piylənmədən əziyyət çəkir.
Şəbnəm Mehdizadə
