Avropa Kosmik Agentliyi (ESA) və Yaponiya Kosmik Agentliyinin (JAXA) birgə layihəsi olan “BepiColombo” kosmik aparatı səkkiz illik səyahətdən sonra Merkurinin orbitinə daxil olub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla da aparat Günəşə ən yaxın planetin orbitinə çıxan ikinci kosmik aparat kimi tarixə düşüb.
Şənbə günü aparat nəzərdə tutulan orbitə çatsa da, manevr zamanı mühərriklərdə texniki nasazlıq qeydə alınıb. Agentlik bildirib ki, yaranan proqram təminatı problemi mühərriklərin planlaşdırılandan daha qısa müddət işləməsinə səbəb olub.
Hazırda kosmik gəminin təhlükəsiz vəziyyətdə olduğu və Avropa Kosmik Əməliyyatlar Mərkəzinin (ESOC) mütəxəssisləri tərəfindən problemin səbəblərinin araşdırıldığı bildirilir.
Qeyd edək ki, ölçüsünə görə Ayı cüzi üstələyən Merkuri Günəş sisteminin daxili planetləri arasında ən az tədqiq olunmuşudur. “BepiColombo” bu planetə çatan üçüncü, orbitinə daxil olan isə ikinci aparatdır.
Şəbnəm Mehdizadə
