Məzmuna keç

Braziliyada bu ağcqanadlar danq qızdırmasına yoluxma hallarının azalmasına səbəb olub

Braziliyada aparılan genişmiqyaslı tədqiqat göstərib ki, virusların ötürülməsinin qarşısını alan “Wolbachia” bakteriyasını daşıyan ağcaqanadlar danq qızdırması və çikunqunya infeksiyalarının yayılmasını təxminən 69 faiz azaldıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, 5700-dən çox uşağın iştirakı ilə aparılan araşdırma bu xəstəliklərlə mübarizədə yeni yanaşmanın effektivliyini təsdiqləyir. Məlum olub ki, yalnız pestisidlərə güvənmək əvəzinə, virus daşımaq qabiliyyəti olmayan ağcaqanadların yetişdirilməsi daha səmərəli strategiya ola bilər.

Beynəlxalq tədqiqat qrupunun üzvü, Emori Universitetinin əməkdaşı Dr. Sri Edupuganti bildirib ki, “Wolbachia” bakteriyalı ağcaqanadların buraxıldığı məhəllələrdə məktəbyaşlı uşaqlar arasında danq və çikunqunyaya yoluxma halları digər ərazilərlə müqayisədə 69 faiz az qeydə alınıb. Bu müsbət təsir hətta Braziliyada 2024-cü ildə baş verən ciddi danq epidemiyası dövründə də qorunub.

Tədqiqatın nəticələri ABŞ-nin Florida ştatında 1940-cı illərdən bəri ən ciddi virus epidemiyasının yaşandığı dövrə təsadüf edir. Adətən xaricə səyahət edənlərdə rast gəlinən danq qızdırması bu dəfə ştat daxilində yayılıb. Rəsmilər 650-dən çox yerli yoluxma halı aşkarlayıblar. Halların təxminən dörddə üçü Tampa şəhərinin yerləşdiyi Hillsborough dairəsində qeydə alınıb.

Şəbnəm Mehdizadə