Avropada əlverişsiz hava şəraiti avtomobil yollarında ciddi problemlər yaradıb.
E-huquq.az xarici KİV-öə istinadən xəbər verir ki, İsveçrədə 37 nəqliyyat vasitəsinin toqquşduğu zəncirvari qəzada 10 nəfər xəsarət alıb. Sürix Kanton Polisinin məlumatına görə, xəsarət alan 10 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 6-sının vəziyyəti yüngül qiymətləndirilir. Qəza zamanı avtomobildə sıxılıb qalan bir nəfər xilasedicilər tərəfindən çıxarılıb.
Qəza səbəbindən A1 magistral yolunun Sankt-Qallen istiqamətində hərəkət dayandırılıb. Yolun axşam saatlarına qədər bağlı qalacağı bildirilib. Hadisənin səbəbləri araşdırılır.
Almaniyanın Bavariya əyalətində isə güclü qar yağması 400-dən çox qəzaya səbəb olub. Xüsusilə Avstriya istiqamətindəki magistral yollarda uzun tıxaclar yaranıb, bir sıra yük maşını sürücüsü yollarda köməksiz vəziyyətdə qalıb.
Cənubi Bavariyanın Sudelfeld bölgəsində hərbi təlim zamanı Bundesverə məxsus dörd nəqliyyat vasitəsi dağ yolunda idarəetməni itirərək yoldan çıxıb. Onlardan biri aşıb. Nəqliyyat vasitəsində olan 9 nəfər yüngül xəsarətlər alıb.
Almaniya Meteorologiya Xidməti həftəsonu, xüsusilə səhər saatlarında yollarda buzlanma təhlükəsinin artacağı barədə xəbərdarlıq edib və sürücüləri ehtiyatlı olmağa çağırıb.
Şəbnəm Mehdizadə
