"Bu gün Rəyasət heyətinin iclasında vəkil qurumlarında və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən dövlət hesabına hüquqi yardımın növbəlilik üzrə həyata keçirilməsinin vahidləşdirilməsi, o cümlədən, könüllülük prinsipi nəzərə alınmaqla dövlət hesabına hüquqi yardım göstərmək niyyətində olan vəkillərin noyabr ayının 1-dək Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət edə biləcəkləri barədə çox önəmli bir qərar qəbul edilib".
E-huquq.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat yayıb.
O bildirib ki, bu qərar Vəkillər Kollegiyasının iradəsini ifadə edir. A. Bağırov bu qərarın qəbul edilməsində məqsədi aşağıdakı kimi izah edib.
"1. Formal vəkilliyə son qoymaq;
2. Dövlət hesabına təyinatla hüquqi yardımın göstərilməsinə vəkilləri könüllülük prinsipi əsasında cəlb etmək;
3. Bu sahədə vətəndaşların haqlı narazılığına səbəb olan və vəkilliyi nüfuzdan salan neqativ halları aradan qaldırmaq;
4. Vətəndaş məmnunluğunu təmin etmək;
5. Dövlət hesabına hüquqi yardım göstərən vəkillərin işini bir mərkəzdən təşkil etmək, bununla operativliyi təmin etmək;
6. Aztəminatlı şəxslərə hüquqi yardımın göstərilməsi işini təkmilləşdirmək, bu sahədə fəaliyyət göstərən vəkillərin peşə hazırlığını artırmaq;
7. Dövlət hesabına hüquqi yardım göstərən vəkillərə ödənişlər üzrə süründürməçilik və digər neqativ hallara son qoymaq.
Gələn ildən etibarən bu islahatın müsbət nəticəsi olacağı şübhəsizdir, xeyirlisi olsun", deyə, sədr qeyd edib.
