Məzmuna keç

Aİ Ukraynaya 4,9 milyard avroluq hərbi yardım ayıracaq

Avropa İttifaqına (Aİ) üzv ölkələrin Ukraynaya hərbi dəstək məqsədilə 4,9 milyard avro məbləğində vəsaitin ayrılması barədə razılığa gəldiyi bildirilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa İttifaqı Şurasının açıqlamasında bildirilib ki, üzv ölkələr Ukraynaya hərbi yardım göstərilməsi məqsədilə Avropa Sülh Fondu çərçivəsində 4,9 milyard avroluq vəsaitin ayrılması barədə razılığa gəliblər.

Qərara əsasən, vəsaitin 4,7 milyard avroluq hissəsi Ukraynaya daha əvvəl hərbi yardım göstərmiş üzv ölkələrə kompensasiya olaraq ödəniləcək.

Qalan 230 milyon avro isə Aİ-nin Ukraynaya Hərbi Yardım Missiyasına əlavə maliyyə dəstəyi kimi ayrılacaq.

Avropa Sülh Fondu Aİ büdcəsindən kənar fəaliyyət göstərən və üçüncü ölkələrə hərbi və müdafiə sahəsində dəstək göstərilməsinə imkan verən xüsusi maliyyələşdirmə mexanizmidir.

Bu mexanizm çərçivəsində döyüş sursatları, raketlər, radar sistemləri və zirehli texnika kimi hərbi avadanlıqlarla yanaşı, təlim, texniki və logistik dəstək də təmin edilə bilər.

Aİ-nin məlumatına görə, yeni maliyyələşdirmə də nəzərə alınmaqla, Avropa Sülh Fondu vasitəsilə Ukraynaya göstərilən dəstəyin ümumi həcmi 10,8 milyard avroya çatıb.

Bu məbləğin 9,9 milyard avrosu üzv ölkələrin Ukraynaya göstərdiyi hərbi yardımların kompensasiyasına, qalan hissəsi isə Aİ-nin Ukraynaya Hərbi Yardım Missiyasının maliyyələşdirilməsinə yönəldilib.

Şəbnəm Mehdizadə